""Qarabağ"ın rəqibini məğlub etmə şansı çoxdur"- AÇIQLAMA

 16:19 27.08.2024     284

Sabah UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" və "Dinamo" (Zaqreb) komandaları arasında cavab qarşılaşması baş tutacaq.

Maraqlıdır, "Qarabağ"ın qalib gələrək qrup mərhələsinə keçmək şansı varmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan idman eksperti Aslan Kərimov bildirdi ki, ikinci oyunda "Qarabağ"ın qalib gəlmə şansı çoxdur.

"Birinci oyunda hər iki komandanın güclü və zəif tərəflərini gördük. Əminliklə deyə bilərəm ki, "Qarabağ" bu oyunda qalib gələcək. Əslində biz Zaqrebdə bütün qollarımızı reallaşdıra bilsəydik, yüzdə yüz məğlub olmayacaqdıq. Hətta qalib də gələ bilərdik. Düşünürəm ki, oyun elə oradakı ssenari ilə gedəcək və "Qarabağ" yəqin ki, ilk dəqiqələrdən o üstünlüyü ələ almalıdır. Top özündə daha çox qalmalıdır ki, oyunu o kontrol etsin. "Qarabağ"da bu ən yaxşı alınan şeylərdən biri idi ki, bunu "Dinamo" meydançasında da göstərdilər. "Qarabağ" mümkün qədər birinci hissədə ən azından bir dənə qol vurmaq məcburiyyətindədir. Əgər birinci hissədə biz qol vurmasaq, işimizi çətinləşdirə bilərik. Əksinə olduğu halda rəqib digər oyundakı 3-0-lıq hesabını saxlamağa çalışacaq. Əsas biz qol buraxmadan 3 top vurmalıyıq".

Aslan Kərimovun sözlərinə görə, "Qarabağ"ın qalib gəlməsi üçün bir çox üstünlüklər var:

""Qarabağ"ın qol imkanları daha çox olacaq. Rəqib dəfələrlə bunu vurğuladı ki, Bakıda rütubət həddindən artıq çoxdur. Yəni Bakıda yaşamayan insanlar üçün Bakıda gəlib oynamaq asan olmur. Birinci oyuna baxası olsaq, əsl futbol havası idi, yağış yağırdı. Temperatur əsl futbol temperaturuydu və belə bir temperaturda böyük yüksək temp vermək mümkün olurdu. Amma bizim oyunçular Bakıya daha çox adaptasiya olublar. Rəqibin bundan əziyyət çəkəcəyinə əminəm. Belə olan halda isə rəqibin əks hücumlarına hazır olmalıyıq. Yalnız ilk qol vurub və qol buraxmamaqdan söhbət gedir ki, bunun öhdəsindən biz gələ bilərik". 

Xatırladaq ki, avqustun 20-də Xorvatiyada baş tutan ilk matçda "Dinamo" "Qarabağ"a 3:0 hesabla qalib gəlib.

Türkan İSGƏNDƏRLİ