“Bu cür hesabdan dönüş görməmişəm” - Rəşad Sadıqov
“Birinci oyunda 0:6 hesabı ilə uduzmuşduq. Amma maksimum köklənmişdik. Sona qədər mübarizə aparmaq istəyirdik. İlk 15-20 dəqiqə təzyiq yaratdıq. Düşünürdük ki, ilk dəqiqələrdə qol və ya qollar vurmaq ümid yaradar. Təbii ki, 6:0-dan dönüş görməmişəm. Amma çalışırdıq”.
Redaktor.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının pley-off mərhələsində Kipr “Omoniya”sı ilə cavab görüşündən (1:0, ilk oyun - 0:6) sonra təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis turnirdə mübarizəni başa vurmaqlarına baxmayaraq, komandasının avrokuboklardakı mübarizəsindən razı qaldığını bildirib:
“Fasilədə də danışdıq ki, yalnız qələbə qazanaq. Pley-off-da qələbə qazanmaq başqadır. Futbolçular çox yüklənmişdilər. “Omoniya” çempionata bir az gec başlayıb. İlk oyunda hiss olunurdu ki, rəqib bizdən daha gümrahdır. Futbolçularımı təbrik edirəm. Builki avrokuboklardan çox razı qaldım. Onları ürəkdən təbrik edirəm. Bütün fikrimizi çempionata verəcəyik”.