Messi tarixin ən böyük idmançısının adını AÇIQLADI

 22:31 10.09.2024     392

Argentina milli komandasının hücumçusu və səkkiz dəfə “Qızıl top” mükafatının sahibi Lionel Messi etiraf edib ki, keçmiş "Çikaqo Bullz" və ABŞ millisinin basketbolçusu Maykl Cordanı tarixin ən böyük idmançısı hesab edir.

Redaktor.az xəbər verir ki, onun sözlərini SPORTF "X" sosial şəbəkəsində sitat gətirir.

“Düşünürəm ki, idmana gəldikdə, Maykl Cordan ən böyükdür. “Son rəqs”ə baxdıqdan sonra ilhamlandım və onun kim olduğu haqqında daha çox öyrəndim”, – Messi bildirib.

Qeyd edək ki, ESPN ekspertlərinin fikrincə, Cordan tarixin ən yaxşı basketbolçusudur. Basketbolçu ikiqat Olimpiya çempionudur.

Xatırladaq ki, Messi 2023-cü ilin yayında MLS-də çıxış edən "İnter Mayami"yə keçdi. Ötən il avqustun 20-də argentinalı Amerikada ilk kuboku - Liqa Kubokunu qazanıb. Sentyabrın 4-də “France Football” jurnalı 2024-cü ildə “Qızıl top”a namizədlərin adlarını dərc edib. Messi və portuqaliyalı hücumçu Kriştiano Ronaldo 2003-cü ildən sonra ilk dəfə siyahıdan kənarda qalıb.

“Qızıl top” Fransanın “France Football” jurnalı tərəfindən təqvim ilinin ən yaxşı futbolçusuna verilən illik futbol mükafatıdır. Ümumiyyətlə, bir futbolçu üçün ən prestijli fərdi mükafat hesab olunur. İlk "Ballon d'Or" 1956-cı ildə verilib. 2023-cü ildə mükafatı 2022-ci ilin dekabrında Argentina millisi ilə Dünya Kubokunu qazanan Messi alıb.

Turan İSMAYIL