İdmançılarımız beynəlxalq turnirdə qələbə QAZANDILAR

 14:45 15.09.2024     261

Batumidə “Grand Bellagio Championship-2" kikboksinq və MMA üzrə beynəlxalq turnir keçirilib.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, ikinci dəfə keçirilən turnirdə səkkiz döyüşdən altısı kikboksinq, ikisi isə MMA qaydaları əsasında təşkil edilib.

Çempionatda Azərbaycan, Gürcüstan, İsrail, Belçika, İran, Uqanda, Qazaxıstan, Türkiyə və Ermənistandan idmançılar iştirak ediblər.

Turnirdə MMA qaydalarına əsasən altmış səkkiz kiloqram çəki dərəcəsində mübarizə aparan azərbaycanlı idmançı Yusif Qasımov

qazaxıstanlı rəqibi Ulan Tambaqayevə boğucu fəndlə qalib gəlib.

Gecənin əsas döyüşündə Gürcüstanda yaşayan azərbaycanlı idmançı, kikboksinq üzrə 7 qat dünya, 3 qat Avropa çempionu Alim Nəbiyev uqandalı idmançı, qitə və üç qat dünya çempionu Umar Semata üzərində qələbə qazanıb. Alim Nəbiyev bununla da keçirdiyi 64 döyüşdən 56-cı qələbəsini təmin edib.

Qeyd edək ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin, Batumidəki baş konsulluğun əməkdaşları, Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı iş adamları idmançılarımıza dəstək olmaq üçün tədbirə qatılıblar.