"Heç kim sual vermir ki, "Qarabağ" hansı rəqibə uduzdu?" - Ekspert

 11:44 27.09.2024     436

"Bəziləri “Qarabağ”ı qınaya bilər ki, 10 nəfərlə qalan rəqibinə uduzdu. Ancaq heç kim öz-özünə sual vermir ki, hansı rəqibə uduzdu, harda uduzdu".

Bu sözləri Redaktor.az-a açıqlamasında idman eksperti Araz Əhmədov ötən gün UEFA Avropa Liqası çərçivəsində Londonda baş tutan "Tottenhem" - "Qarabağ" matçını (3:0) şərh edərkən dedi.

O qeyd etdi ki, rəqibin dünyanın ən güclü futbol liqasının, ən top klublarından biri olduğunu heç kim unutmasın:

"Belə məqamlara təkcə avrokuboklardakı təcrübə yetərsizdir. Burada artıq sürət, dözümlülük, ustalıq səviyyəsi önə çıxır. “Qarabağ” 5-6 real qol epizodu yaradır, amma heç birini vura bilmir, “Tottenhem” isə 3 imkan yaxalayır və hər üçünü qola çevirir. Bu, hər şeyi deməyə əsas verir".

Araz Əhmədovun sözlərinə görə, bu səviyyədə klublarla oynamaq üçün öz ölkə çempionatında güclü rəqabət olmalıdır:

"Bizdə varmı belə rəqabət? Yoxdur. “Qarabağ” bu gün “Neftçi”ni tək ayaqla udursa, biz belə şeylərə hazır olmalıyıq".

Sevinc İBRAHİMZADƏ