"Qarabağ" niyə uduzdu? - İdman ekspertindən maraqlı AÇIQLAMA

 16:41 27.09.2024     375

Ötən gün "Qarabağ" UEFA Avropa Liqasında İngiltərənin "Tottenhem" klubuna məğlub olub. "Tottenhem Hotspur" stadionunda keçirilən Liqa mərhələsinin I turunun oyunu meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bəs "Qarabağ"ın məğlubiyyətimizin əsas səbəbi nə oldu? Ümumiyyətlə, "Qarabağ"ın hazırda Avropa klubları ilə müqayisədə çatışmayan cəhətləri nədir? 

Bu barədə idman eksperti Elmar Rza Redaktor.az-a açıqlamasında bildirdi ki, ötən gün qeydə alınan nəticə təəccüblü deyil. Onun fikrincə, komandalar və onların təmsil etdiyi yerli liqalar arasında səviyyə fərqi çox böyükdür:

"Oyundan əvvəl proqnoz verməyə çalışsaydıq, daha böyük hesablı məğlubiyyətin yaşanacağını da demək olardı. Lakin matçda fərqli ssenari yaşandı. "Tottenhem"in 7-ci dəqiqədə azlıqda qalması azarkeşlərimizi ümidləndirdi. Londonlular buna baxmayaraq, oyuna nəzarəti əllərində saxlamağa nail olurdular. Bəzən İngiltərə klubunun 10 nəfərlə oynadığı heç hiss olunmurdu. Bu isə birbaşa "klass" fərqindən irəli gəlirdi. Əvvəlki qarşılaşmalarda fiziki cəhətdən hazırlıqlı görünən futbolçularımızın ingilislərlə oyunda bir çox epizodda fiziki cəhətdən uduzduqlarını, belə desək, çatdırmadıqlarını söyləmək olar. Rəqib matçda sürəti artıran kimi bu cür çatışmazlıqlar aşkara çıxırdı". 

Şəkilin açıqlaması yoxdur.

Ekspertin sözlərinə görə, buraxılan qollarda müəyyən qədər fərdi səhvlər də rol oynadı:

"Həmçinin "Qarabağ" futbolçuları əllərinə düşən qol epizodlarında qeyri-dəqiqliklə yadda qaldılar. Komandanın "vuran ayaqlarından" heç kim özündə deyildi. Hesab 0:2 rəqibin xeyrinə olan zaman Toral Bayramov penaltidən yararlana bilsəydi, bəlkə də nəyəsə ümidlənmək olardı. Lakin Toralın hədəfdən yayınması qaçılmaz sonu qəbullanmağımıza səbəb oldu". 

Elmar Rza qeyd etdi ki, maraqlı məqamlardan biri də ağdamlıların baş məşqçisi Qurban Qurbanovun oyundan sonra verdiyi müsahibədə komandanın 2 saatdan artıq tıxacda qalmasının da oyunlarına böyük təsiri olduğunu vurğulamasıdır.

"Əsas səbəb olmasa da, bunun da oyuna təsirsiz ötüşmədiyini qeyd edə bilərik. "Qarabağ" əvvəlki illərlə müqayisədə ötən mövsümkü heyəti qorumağa böyük ölçüdə nail olmuşdu. Ancaq belə rəqiblərlə oyunlar göstərir ki, heyət keyfiyyətinin artırılması istiqamətində daha ciddi işlər görülməlidir. Güclü futbolçuların Azərbaycan klublarına keçidi hər zaman çətin başa gəlir. Lakin "Qarabağ"ın avrokuboklardakı uzunmüddətli çıxışı, Avropa sferasında özünütəsdiqi və həmçinin klubun dayanıqlı, sabit maliyyə dəstəyi onun bu məsələdə əlini qüvvətləndirir. Ümid edirik, ən azından gələcək mövsümlərdə keyfiyyətli oyunçu transferlərini görəcəyik", - deyə ekspert bildirdi.

Sevinc İBRAHİMZADƏ