"Liverpul" liderliyə yüksəldi
İngiltərə Premyer Liqasının 6-cı turu çərçivəsində “Vulverhempton” Liverpul şəhərinin eyniadlı komandasını qəbul edib.
Redaktor.az xəbər verir ki, baş hakim Entoni Teylorun idarə etdiyi matç “Molinyu” stadionunda baş tutub.
Oyuna, autsayder olmasına baxmayaraq, fəal başlayan ev sahibləri olub. Birinci hissənin ortalarınadək davam edən üstünlükdən sonra “Liverpul” təşəbbüsü ələ alıb. Təzyiqi artıran “qırmızılar” ilk yarıya əlavə edilmiş ikinci dəqiqədə hesabı açıblar: fransalı müdafiəçi Brahim Konate hücumçu Dioqu Jotanın hava ötürməsini qola çevirib.
İkinci hissədə isə “Liverpul”un davam edən üstünlüyünə baxmayaraq, 56-cı dəqiqədə əlcəzairli Rayan Ait-Nuri qolun müəllifi Konatenin ciddi səhvindən maksimum yararlanaraq Alissonun qoruduğu qapıya göndərərək status-kvonu bərpa edib – 1:1. Lakin “qurdlar”ın sevinci çox çəkməyib. Cəmi beş dəqiqə sonra misirli hücumçu Məhəmməd Salah penaltidən fərqlənərək yenidən komandasını hesabda irəli çıxarıb və yekun hesabı müəyyənləşdirib – 1:2.
Beləliklə, bu qələbədən sonra Arne Slotun yetirmələri 15 xalla turnir cədvəlinin birinci pilləsinə yüksəlib. “Liverpul”un ən yaxın təqibçiləri ondan bir xal geri qalan “Mançester Siti” və “Arsenal”dır. “Qırmızılar” böyük ehtimalla turu zirvədə yekunlaşdıracaq. Bunun baş verməməsi üçün turun digər matçında “Liverpul”dan üç xal geri qalan “Aston Villa” “İpsviç”i yeddi top fərqi ilə yenməlidir.
Cari mövsümdə 5-ci məğlubiyyətlə üzləşən “Vulverhempton” isə turnir cədvəlinin sonuncu pilləsində qalıb. Komanda tarixinin ən pis startlarından birini yaşayır. Qari O’Nilin komandası buraxdığı 16 qola cəmi 6 qolla cavab verib.