""Qarabağ" bu gün məğlub olmayacaq" - Ekspert: "Qurban Qurbanovun B taktikası..."

 17:17 03.10.2024     286

Bu gün "Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda İsveç təmsilçisi "Malmö" ilə qarşılaşacaq.

Görəsən, komandamız bugünkü oyunu qalibiyyətlə başa vura bilər?

Bu barədə idman eksperti Ağa Dadaşzadə Redaktor.az-a açıqlamasında bildirdi ki, bu gün olduqca çətin görüş gözlənilir:

"Ona görə yox ki, bu, Avropa Liqa mərhələsinin ikinci turudur. Sadəcə rəqib çox güclüdür. Avropada hətta "Real Madrid"lə oynamaq bundan nisbətən rahatdır. Amma öz dişimizə olan rəqiblərə görə çox çətindir. "Malmö"  kompakt futbol oynayır, ara ötürmələr cəhətdən bu komanda yaxşıdı, sürətli əks hücumlara keçə bilirlər. Bundan başqa, oyunun tempini və müdafiə xəttinin etibarlılığını oyunun sonunadək qoruyub saxlaya bilirlər".

Ekspertin sözlərinə görə, "Qarabağ" bu oyundan bir xalla da ayrılsa, bizim üçün yaxşı nəticə olacaq:

""Qarabağ" bu gün məğlub olmayacaq, inşallah bizi sevindirəcək və Qurban Qurbanov da öz addımlarını atacaq, onun B taktikası böyük ehtimal bu gün işə düşəcək və ümid edirik ki, Azərbaycan xalqını sevindirəcək. Oyun keçəcək və 32 min nəfər azarkeşin qabağında oynanılması istənilən halda bizim xeyrimizədir".

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşün start fiti saat 20:45-də səslənəcək.

Sevinc İBRAHİMZADƏ