"Bugünkü oyunda arzuolunmaz nəticə Santuşun "taxt"ını silkələyəcək"

 18:06 11.10.2024     200

Futbol üzrə Azərbaycan millisi bu gün Millətlər Liqasının 3-cü turunda Estoniya seçməsi ilə qarşılaşacaq. 

Bəs, görəsən, Fernandu Santuşun çalışdırdığı komanda heç olmasa Estoniya ilə matçda qələbə qazana biləcək?

Bu barədə idman eksperti Elmar Rza Redaktor.az-a bildirdi ki, o, Estoniya - Azərbaycan matçının aşkar favoritinin olduğunu düşünmür:

"Sözügedən yığma komandalar Millətlər Liqasında keçirdiyi hər iki oyunda məğlub olub. Azərbaycan millisinin heyət baxımından, müəyyən qədər də texniki-taktiki planda cüzi üstünlüyü var. Lakin estonlar doğma divarlar arasında qələbə qazanaraq azarkeşlərinə sevinc bəxş etməyə çalışacaq. Nəzərə alsaq ki, bu millilərin Tallindəki sonuncu duelində Azərbaycan üstün olmuşdu, buna görə də rəqibin revanş arzusu daha başadüşüləndir". 

Ekspert qeyd etdi ki, Estoniya yığmamız üçün ən münasib rəqibdir:

"Fernandu Santuşun rəhbərliyi altında seçməmiz çıxdığı hər iki oyunda məğlubiyyət yaşadığına görə portuqaliyalı mütəxəssis üçün də bu qarşılaşma vacib əhəmiyyət daşıyır. Belə rəqiblə oyunda arzuolunmaz nəticə onun "taxt"ının da silkələnməsinə gətirib çıxara bilər. Hər bir halda milli komandamızın futbolçularının dünən 70 illik yubileyini qeyd edən təcrübəli çalışdırıcıya 3 xal hədiyyə edəcəyinə inanıram".

Qeyd edək ki, Estoniya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Sevinc İBRAHİMZADƏ