Azarkeşlər də üz döndəriblər... - "Adlı-sanlı məşqçiləri gətirib onlara milyonlar tökürük"

 14:02 14.10.2024     364

Bu gün Azərbaycan millisi Slovakiya ilə üz-üzə gələcək. Lakin bundan öncəki oyunlarda, elə ən son Estoniya ilə olan oyunda da millimiz qalibiyyət əldə edə bilmədi. Millimizin vəziyyəti  o dərəcədədir ki, heç bərabərə belə qala bilmir. Lakin Fernandu Santuş Azərbaycan millisinin baş məşqçisi olduqdan sonra azarkeşlərdə nisbətən ümidlər yaranmışdı. Ancaq hazırkı vəziyyət sadəcə yerimizdə saymaqdan ibarətdir. Bəs bugünkü oyunda məğlub olmaq ehtimalımız var? Bu Santuşun "taxtı"nı silkələyə bilər?

Bu barədə idman eksperti Ceyhun Rzayev Redaktor.az-a açıqlamasında öz fikirlərini bölüşdü. 

Onun sözlərinə görə, millimizin sonuncu məğlubiyyəti çox kədərli oldu:

"Milli komanda Fernandu Santuşun rəhbərliyi altında son üç oyunu uduzub. Sonuncu məğlubiyyət isə olduqca üzücü idi. Çünki qrupa baxsaq, bizə uyğun olan, uda biləcəyimiz komanda elə Estoniya idi. Estonlar da bizə elə baxırlar, Azərbaycanı uda biləcəkləri komanda kimi görürdülər. Ancaq məğlub olduq. İlk hissədə, bir neçə qol vəziyyətlərimiz vardı, istifadə edə bilmədik. Müdafiədə çox ciddi səhvlərimiz var. Hücum planında pis deyilik, lakin bitiricilik çatışmır, fərdi səhvlərdən qollar buraxırıq".

Tanınmış jurnalist evindən çıxarılır — “Valideynlərim ailəmi dağıdır”

Ceyhun Rzayev qeyd etdi ki, azarkeşlər də millidən üz döndəriblər:

"İnanmıram, stadion dolu olsun. Stadionun yarısı dolsa, 15 min adam yığışsa, böyük şeydir. Hərçənd məncə, bugünkü mümkün məğlubiyyət inanmıram ki, Santuşun taxtını silkələyə, çünki müqaviləsi var, belə tez göndərməzlər. Həmişə demişəm ki, bizdə əcnəbi məşqçiyə ehtiyac yoxdur. Estonların məşqçisi əcnəbi deyil, ancaq çıxıb bizi udurlar. Əgər bizim potensialımız budursa, onda niyə bizi adlı-sanlı məşqçiləri gətirib onlara milyonlar tökürük? Heyif ki, qərar verənlər belə istəyirlər. Eyni şeyi deməkdən yorulursan, ancaq heç kim də nəticə çıxartmaq istəmir, öz bildiklərini edirlər".

Sevinc İBRAHİMZADƏ