"Santuş futbolumuzdakı problemi həll edə bilməyəcək, kökü dərindədir" - Ekspert

 17:05 14.10.2024     227

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Slovakiya oyunu öncəsi təşkil olunan mətbuat konfransında deyib ki, nəyin baş verməsindən asılı olmayaraq, hər oyuna pozitiv köklənməliyik: "Buna məcburuq. Çünki xallar qazanmalıyıq. Futbolçularıma güvənirəm". 

Hərçənd son 3 oyundur ki, Azərbaycan millisi sadəcə məğlub olur. Beləliklə, azarkeşlərinin inamı da baltalanır. 

Bugünkü qarşılaşma barədə Redaktor.az-a şərh verən idman eksperti Araz Əhmədov həm də Santuşun millimizdəki rolundan danışdı.

O, bildirdi ki, Santuşun Azərbaycan millisinə gəlişi Azərbaycan futbolunda olan problemləri həll etməyəcək. Bu problemlərin kökü çox dərindədir:

"Uzun illər ərzində AFFA-nın yarıtmaz işi nəticəsində ölkə futbolu məhvə sürüklənib. Fikir verirsinizsə, əsas milli ilə yanaşı, digər milli komandalarımız da qələbə qazana bilmir. Bu o deməkdi ki, ölkə futbolu ciddi böhrandadır. Bu gün də görüşün favoriti Slovakiyadır".

Araz Əhmədovun fikrincə, məğlub olsaq Santuşun göndərilməyəcək, amma ona olan etimad azalacaq.

Qeyd edək ki, oyun saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.

Sevinc İBRAHİMZADƏ