"Sona qədər döyüşmək lazımdır" - "Qarabağ" - "Ayaks" matçından gözləntilər

 13:07 24.10.2024     268

"Qarabağ" bu gün UEFA Avropa Liqasının III turunda Niderlandın "Ayaks" klubunu qəbul edəcək. Hərçənd Azərbaycan çempionu I turda İngiltərədə "Tottenhem"ə (0:3), növbəti görüşdə isə evdə İsveçin "Malmö" kollektivinə uduzub (1:2). İlk oyunda Türkiyənin "Beşiktaş" klubunu 4 cavabsız qolla üstələyən "Ayaks" ikinci matçda Çexiyada "Slaviya" (Praqa) ilə bərabərə qalıb.

Bəs bu gün "Qarabağ"dan hansı nəticələri gözləyirik?

İdman eksperti Elmar Rza Redaktor.az-a açıqlamasında bildirdi ki, "Ayaks" kimi Avropanın aparıcı və köklü klublarından biri ilə qarşılaşmaq "Qarabağ" üçün prestij və inkişaf baxımından çox əhəmiyyətlidir:

"Niderland futbol məktəbinin təmsilçiləri ilə qarşılaşmaq mövcud durumundan və gücündən asılı olmayaraq, hər zaman çətindir. Lakin düşünmürəm ki, Qurban Qurbanovun komandası bugünkü matça məğlub olmaq üçün çıxacaq. Bir və ya üç xal fərqi yoxdur, əldə olunacaq hər uğurlu nəticəyə görə sona qədər döyüşmək və matçın bütün dəqiqələrində ritmdən düşməmək lazımdır. Ümid edirəm, "Qarabağ" bunun öhdəsindən gələcək".

Qeyd edək ki, qarşılaşma saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Sevinc İBRAHİMZADƏ