“Qarabağ”ın “Ayaks”ı məğlub edəcəyinə inanıram" - Rasim Kara

 14:49 24.10.2024     161

”Qarabağ”ın “Ayaks”ı məğlub edəcəyinə inanıram.

Redaktor.az xəbər verir ki, bunu report.az-a açıqlamasında “Qarabağ”ın sabiq baş məşqçisi Rasim Kara komandanın Avropa Liqasının Liqa mərhələsinin III turunda Bakıda qarşılaşacağı “Ayaks”la oyundan əvvəl şansları dəyərləndirərkən deyib.

74 yaşlı mütəxəssis “Qarabağ”ı izlədiyini bildirib:

“Qarabağ” avrokuboklarda uğurlu nəticələr qazanır. Yaxşı transferlər edirlər. “Ayaks” asan rəqib deyil. Amma mümkünsüz də heç nə yoxdur. “Qarabağ”ın səfərdə və evdə çox gözəl oyunlarını görmüşəm. Komandaya güvənirəm, “Ayaks”ı məğlub edəcəklərinə inanıram. Canımla, könlümlə bunu istəyirəm. Komandanın belə çıxışına görə çox xoşbəxtəm və uğurlar arzulayıram”.

R.Kara komandada çalışdığı dönəmləri xatırlayıb:

“Qarabağ” ilk zamanlarda varlığını çox çətin şərtlər altında davam etdirirdi. Daha sonra kluba dövlət tərəfindən dəstək verildi. Bir ara Serpil Hemdi Tüzün aşağı yaş qruplarına gəldi. Daha sonra mən kluba dəvət olundum. Mən gələndə komandada orta yaş həddi 35 idi. Daha sonra aşağı yaş qruplarından 14-15 gənc futbolçu götürdük, komandanı gəncləşdirdik. Klubun həmin vaxtlarda bazası yox idi. Bir təməl atdıq. Bununla yanaşı, rəhbərliyin qarşısına iki il ərzində infrastruktur yaratmayacaqları təqdirdə klubda qalmayacağımla bağlı şərt qoymuşdum. Mənə verdikləri sözü yerinə yetirmədilər və ayrıldıq. Buna baxmayaraq, “Qarabağ” “artıraraq” inkişaf etdi. Qurban Qurbanovla uğurlar qazandılar”.

Qeyd edək ki, “Qarabağ” -”Ayaks” görüşü bu gün, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.