"Bu cür hallar bizə ancaq futbolu sevdirir"
"Fərqli turnirlərdir. Amma 3 oyunda 3 məğlubiyyət var. Yenə də mən böyük problemlər görmürəm. Dəfələrlə olub ki, bizim bu cür problemlərimiz yaşanıb. Çünki hər dəfə fərqli komandalara qarşı oynayırıq. Ancaq biz "Tottenhem" kimi komandaya qarşı oynamışıq".
Redaktor.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Ayaks"la oyundan (0:3) sonra mətbuat konfransında "indiki durum çempionata təsir göstərə bilərmi?" sualını cavablandırarkən dedi.
"Əslində, mən futbolçularımız, klub rəhbərliyimiz adına sevinirəm çünki böyük komandalara qarşı mübarizə aparırırq.
Dəfələrlə demişəm ki, bu cür hallar bizə ancaq futbolu sevdirir. Biz sonacan mübarizə aparacağıq. İstəmirəm ki, futbolumuza qarşı neqativ fikirlər səslənsin. Çünki biz performansımızı yaxşılaşdırmağa çalışırıq. Azarkeşlərimiz çoxdur və ümid edirəm ki, daha da yaxşı nəticələr əldə edəcəyik" - deyən baş məşqçi bildirib ki, bu komandalardakı oyunçuların ustalıq səviyyəsi bizdən yuxarıdır:
"Ola bilsin ki, biz daha istəkliyik, ancaq rəqibin üstünlüyü odur ki, keyfiyyət baxımından bizdən yuxarıdırlar. Ancaq biz öz işimizi daha da yaxşılaşdırmaq, oyunçularımızın ustalıq səviyyəsini daha da artırmaq üçün çalışırıq. Nə qədər desək ki, bizim təcrübəmiz hər il daha da artır, onların təcrübəsi, rahatlığı bizə görə çoxdur. Buna baxmayaraq, biz yenə də öz üzərimizdə işləyirik".
Sevinc İBRAHİMZADƏ