"Qarabağda ciddi "kadr çatışmazlığı" yaşanır" - Məğlubiyyətlərin səbəbi...

 15:11 07.11.2024     404

Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində IV tur matçında Norveçin “Budyo Qlimt” klubu ilə qarşılaşacaq. 

Bəs liqanın son 3 oyununda məğlub olan Ağdam klubundan bugünkü gözləntilər nədir? Ümumiyyətlə, bu məğlubiyyətlərin səbəbini nə ilə əlaqələndirə bilərik: yaxşı hazırlaşmamaq, yoxsa güclü rəqiblər?

Bu barədə idman eksperti Elmar Rza Redaktor.az-a açıqlamasında öz fikirlərini bölüşüb.

O bildirib ki, Çempionlar Liqasının təsnifat mərhələsindəki oyunları da hesaba qatsaq, "Qarabağ" avrokuboklarda meydana çıxdığı son 7 matçın 6-da məğlubiyyətlə üzləşib:

"Düşünürəm ki, belə bir tablonun ortaya çıxmasının əsas səbəbi heyətin yetərsizliyidir. Belə ki, start "11-liy"ini çıxsaq, Ağdam klubunda meydana sonradan daxil olaraq qarşılaşmanın axarını dəyişdirəcək oyunçu sayı olduqca azdır. Bəzi mövqelərdə isə (əsasən də hücumun sivri ucu və sağ cinah vingeri) ehtiyat qüvvə Avropa səhnəsi üçün səviyyə olaraq uyğun deyil. Zədə halları da belə oyunlarda bəzən qaçınılmaz olur. Buna görə də baş məşqçi Qurban Qurbanov uğurlu rotasiyalar edə bilmir. İş həyatı terminologiyası ilə söyləsək, "kadr çatışmazlığı" yaşanır, özü də çox ciddi".

E.Rzanın sözlərinə görə, digər nüans isə avrokubokların yeni formatına həm də Qurban Qurbanovun öyrəşə bilməməsidir:

"Matç sayı artıb, lakin görüşlər arasındakı vaxt çox deyil. Belə olanda rəqib analizləri də istənilən kimi olmur. Həm də nəzərə alaq ki, "Qarabağ"ın Avropa Liqasındakı ilk 3 rəqibinin ikisi komandamızın dişinə görə deyildi. "Tottenhem" və "Ayaks"a məğlubiyyəti bu baxımdan haradasa anlamaq mümkündür. Lakin bəzi anlarda komandamızın futbolçularının meydandakı intizam davranışı da sonda uğursuz nəticəyə gətirib çıxarır".

Sevinc İBRAHİMZADƏ