Qubada güləş məşqçilərinin ümumrespublika seminarı KEÇİRİLDİ

 20:58 14.11.2024     215

Qubada güləş məşqçilərinin ümumrespublika seminarı keçirilib.

Redaktor.az xəbər verir ki, tədbirdə Quba ilə yanaşı, Xaçmaz, Qusar, Siyəzən və Şabran rayonlarının güləş üzrə məşqçi-müəllimləri iştirak ediblər.

Seminarın nəzəri hissəsində ilk olaraq Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Mustafa Nuhbalayev çıxış edərək, belə tədbirlərin mütəmadi keçirilməsinin ölkədə güləşin daha da inkişaf etməsi üçün böyük əhəmiyyət daşıdığını deyib.

Azərbaycan Güləş Federasiyasının (AGF) Hakimlər Kollegiyasının sədri Qərib Əliyev AGF-nin bu idman növündə kəmiyyət və keyfiyyət artımına nail olmaq üçün atdığı addımlardan danışıb.

Sərbəst güləş üzrə U-20 millinin məşqçisi Rövşən Hacıyev və yunan-Roma güləşi üzrə yığmanın məşqçisi Elvin Mürsəliyev həmkarlarıyla təcrübələrini bölüşüblər. Daha sonra l-S kateqoriyalı hakim Sədi Quliyev yarışlarda baş tutan görüşlərdə yaranan çətin vəziyyətlərdə verilən qərarları şərh edib.

Seminarın praktiki hissəsində bu bölgənin idmançıları üçün nümunəvi məşq keçirilib. R.Hacıyev sərbəst, E.Mürsəliyev isə yunan-Roma güləşi üzrə fəndlərin dəqiq icrasını nümayiş etdirib.

Qeyd edək ki, güləş məşqçilərinin Ümumrespublika seminarının növbəti mərhələsi noyabrın 18-də Sumqayıt şəhərində keçiriləcək.