"Uğurlu nəticə olmasa, ciddi islahatlar görə bilərik" - Millimiz Estoniya ilə ÜZ-ÜZƏ

 16:23 16.11.2024     319

Azərbaycan millisi bu gün Qəbələ şəhər stadionunda  UEFA Millətlər Liqasının C Liqasının V turunda Estoniya seçməsini qəbul edəcək. Görüş saat 18:00-da baş tutacaq. Ötən oyunların nəticəsinə görə, bizim seçməmiz hələ də xalsızdır və qrupun sonuncusudur. 

Bəs bugünkü qarşılaşmadan gözləntilər nədir? Ümumiyyətlə, millimizin hazırki uğursuzluqlarında baş məşqçi Fernandu Santuşun rolu varmı?

Bu barədə Redaktor.az-a açıqlama verən idman eksperti Araz Əhmədovun fikrincə, bu gün baş tutacaq oyun millimiz və baş məşqçi üçün çox önəmlidir:

"Bu görüşdə komandamız nəyin hesabına olursa, olsun, qalib gəlməlidir. Uğurlu nəticə olmasa, biz ciddi islahatlar görə bilərik. Baş məşqçi Santuş hələ də axtarışdadır. Bu, hər dəfə yeni futbolçuları dəvət etməsindən açıq-aşkar görünür. Hücum xəttində xeyli əskiklik var, yığmamız onsuz da qol vurmaqda çətinlik çəkirdi, amma, bu qarşılaşmadan ümidliyəm. Zənnimcə, millimiz minimal hesabla qələbə qazanacaq".

A.Əhmədovun sözlərinə görə, hazırda baş məşqçi Fernandu Santuş futbolumuzda illərdir yığılan problemlərin əziyyətini çəkir.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 11-də Estoniyada keçirilən görüşdə rəqibinə 1:3 hesabı ilə məğlub olub. 

Sevinc İBRAHİMZADƏ