"Bu halda müdafiə xəttində boşluqlar yarana bilər" - "Qarabağ"ın oyunu ilə bağlı ŞƏRH

 17:40 28.11.2024     253

"Qarabağ" bu gün UEFA Avropa Liqasında Fransanın "Lion" klubu ilə mübarizə aparacaq. Oyun Liqa mərhələsinin V turuna təsadüf edəcək. 

Bəs "köhlən atlar"ı rəqiblərini məğlub edə biləcək?

Bu barədə futbol eksperti Aslan Kərimov Redaktor.az-a açıqlamasında bildirib ki, Ağdam klubu Fransanın Avropada tanınmış klubuna qarşı oynayacaq. Heyətindəki oyunçuların da keyfiyyəti açıq-aşkar bəllidir:

"Aleksandr Lakazett, Nemanya Matiç kimi oyunçuları ulduz adlandırmaq olar. Texniki baxımdan yaxşı komplektləşmiş bir kollektivə qarşı oynayacağıq. Amma bu o demək deyil ki, "Lion" Bakıda qalib gələcək. Üstün tərəfimiz odur ki, ilk növbədə Bakıda qəbul edirik. Çünki "Lion" ikinci nömrə ilə oynamağı xoşlamayan, daha çox topa sahibi olmağı fəlsəfi olaraq ön plana çəkən bir komandadır və istənilən rəqibə qarşı hər zaman dominant oynamağa çalışıb. Belə olan halda bu cür dominant oynayırsansa, müdafiə xəttində boşluqlar yarada bilərsən. Necə ki, "Qarabağ" "Dinamo Zaqreb", "Malmö" kimi komandalara qarşı dominant oynayırdı, daim top onlardaydı, amma əks-hücumlarda qollar buraxdıq. "Lion" da o cümlədən dominant  oynamaq istəyəcək".

Aslan Kərimov: “O, “Qarabağ”da oynaya biləcək” - MÜSAHİBƏ

Ekspert hesab edir ki, top itkisindən sonra geridönüşlər və yaxud o boşluqları doldurmaq baxımından "Qarabağ"ın oyunçuları kifayət qədər sürətli və texnikalı oyunçulardılar:

"Məsələn, Juninyo, Leandro Andrade, Kaşuk kimi oyunçuların cinahda sürəti kifayət qədər yaxşıdır. Ortada isə Yankoviç, Zubir pas vermə qabiliyyətləri olan oyunçulardır. "Qarabağ"ın pasları ötürə bilən oyunçuları var. Mən hesab edirəm ki, biz evdə bu gün məğlub olmayacağıq və hətta "Lion"a qalib də gələ bilərik. Çünki ulduz oyunçuları olan bir kollektiv zaman-zaman müdafiəyə keçiddə bir az zəif çıxış edə bilir".

Sevinc İBRAHİMZADƏ