Valideynlərin NƏZƏRİNƏ! - Bu idman növü uşaqların diz qapaqlarında problem yaradır
Uşaqların sağlam inkişafında idmanın müstəsna rolu var. Valideynlər övladlarını hərəkətsiz yaşamdan uzaq tutmaq üçün onları müxtəlif idman sahələrinə yönəldirlər. Burada əsas məsələ isə uşaqları neçə yaşdan və hansı idman növünə istiqamətləndirmək ilə bağlıdır.
Bu barədə idman eksperti Araz Əhmədov Redaktor.az-a açıqlamasında deyib ki, artıq valideynlər övladlarını daha çox kollektiv idman növlərinə aparırlar.
“Valideynlərin azyaşlı qızlarını 3-4 yaşlarından bədii gimnastikaya, oğlan uşaqlarını isə 4-5 yaşlarından etibarən akrobatika gimnastikasına aparmaları tövsiyə olunur. Çünki bütün idmanların təməli məhz gimnastika, akrobatikadır və bununla məşğul olan uşaqlar hazır bir materiala çevrilirlər və onları digər idman növlərinə cəlb etmək də asan olur. Lakin birdən-birə 8-9 yaşlarındakı uşağı futbola və yaxud başqa bir idman növünə qoyanda bədən təməl məşqləri bilmədiyi üçün fiziki çətinlik yaşayır. Bu yaşda olan uşağı idmana adaptasiya etmək də asan deyil".
Ekspert həmçinin uşaqların idmana kiçik yaşlarından qoyulmasının gələcəkdə hər hansısa fəsadlar yarada biləcəyindən də danışıb:
“Gimnastika ilə 1-3 il arası məşğul olub sonradan başqa idman növünə yönələndə bədəndə heç bir problem yaranmır, lakin illərlə gimnastika ilə məşğul olan uşağın belində, dizində, biləklərində müxtəlif oynaq ağrıları yaranır. Bu, adətən gündəlik qrafikdə 8-9 saat məşq edən uşaqlara şamil olunur ki, onlar artıq peşəkar məşğul olurlar. Kiçik yaşlı futbolçular sintetik örtüklü meydançalarda məşq etdiklərinə görə hamısının diz qapaqlarında ağrılar var və onların bir çoxu 14-15 yaşına gəldikdən sonra diz qapaqlarından əməliyyat olunurlar. Bu da onların təbii ot örtüyündə oynamamasından irəli gəlir”.
Sevinc İBRAHİMZADƏ