""Neftçi" bunu edə bilmədi və acısını indi çəkir" - Ceyhun Sultanov

 16:54 04.12.2024     118

Son zamanlarda “Neftçi”, demək olar, uğur qazana bilmir. Söhbət təkcə "ağ-qaralar"ın "Qarabağ"a 0:3 hesab ilə məğlub olmasından getmir, məsələ burasındadır ki, "Neftçi" digər klublara da ya məğlub olur, ya da bərabərə qalır.

Bəs nə üçün "Neftçi" inkişaf edə bilmir? 

Bu barədə tanınmış futbol eksperti, Azərbaycan millisinin keçmiş üzvü Ceyhun Sultanov Redaktor.az-a açıqamasında dedi ki, "Neftçi"nin indiki dönəmində də, elə bundan öncə də məşqçi dəyişikliyi çox önəm daşıyır:

"Tez-tez məşqçi dəyişmələrinin, sütunlu komanda olmadığı üçün hər dəfə futbolçuların dəyişməsinin burada rolu var. Ümumilikdə götürsək, "Neftçi" çempion olduğu ildən bu yana əgər həmin heyəti saxlayıb, daha da yaxşı futbolçuları komandaya cəlb etsəydi, məncə, bu gün "Qarabağ"a rəqib ola bilərdi. Əfsuslar olsun ki, "ağ-qaralar" bunu edə bilmədi və acısını indi çəkirlər".

Ekspertin sözlərinə görə, ilk növbədə oturuşmuş komandanı formalaşdırıb və bundan nəticə qazandıqca, həmin özəyi saxlayaraq keyfiyyəti artırmaq lazımdır.  "Amma "Neftçi" artıq bu vəziyyətdən necə çıxacaq, onu zaman göstərəcək", - deyə Ceyhun Sultanov bildirdi.

Sevinc İBRAHİMZADƏ