Bərbad təşkilatçılıq startının oxşar finişi - Olimpiadanın medalları niyə tez paslandı?

 19:45 21.01.2025     166

“Paris-2024”də qazanılan medallardan 100-dən çoxu keyfiyyətsiz olduğu üçün geri qaytarılıb. Təəssüf ki, millimizin medal sahiblərinin də başına bu hadisə gəlib. Hətta bürünc mükafatçısı Həsrət Cəfərov medalının cəmi 3 günə bərbad hala düşdüyünü bildirib. 

Bəs əsl medal necə hazırlanmalıdır?

Mövzu ilə bağlı Redaktor.az-a Olimpiya oyunlarını yaxından müşahidə edən idman jurnalisti Gəray Qiyasov açıqlamasında bildirdi ki, medallar standartlardan aşağı səviyyədə hazırlanıb:

"Ümumi təşkilatçılığın bərbad səviyyədə olmasını biz olimpiadanın ilk günündən - açılış mərasimindən gördük. Həm açılış mərasimi, həm ümumilikdə yarış müddətində yaşanan problemlər, sonda isə olimpiadanın əsas yadigarı olan medallarla bağlı artıq problemlər ortaya çıxıb. Bizim Azərbaycanın da iki idmançısı Qaşım Maqomedovla Həsrət Cəfərovun medallarını şəxsən özüm də gördüm. Həqiqətən çox həvəssiz səviyyədə hazırlanmış bir medaldır. Halbuki medalların konkret standartları var. Qızıl medal ən azı 925 əyyarlı gümüşdən hazırlanmalıdır və altı qram qızıl örtüklü olmalıdır. Gümüş medal elə 925 əyyarlı, tam gümüşdən hazırlanır. Bürünc medal isə əsasən mis, qalay və sinkdən hazırlanır. Hətta yarışdan əvvəl təşkilatçılar medalların hazırlanmasında Eyfel qülləsinin tikilişi zamanı istifadə olunan materialdan istifadə olunduğunu demişdilər. Amma görünən odur ki, ya təşkilatçılar yalan deyir, ya da ki, elə həqiqətən elə Eyfel qülləsi də bu cür bərbad materiallardan hazırlanıb".

Jurnalistin sözlərinə görə, ən adi yarışların medalları belə ilk günkü keyfiyyətini saxlaya bilib.

"Elə təşkilatçılıq baxımından ilk günlərdən tarixə ən bərbad olimpiada kimi düşən Paris-2024 medalları da eyni aqibəti yaşadı. Məhz olimpiadanın medalları bu hala düşməməli idi. Hər iki idmançılarımız da qeyd edir ki, onların Avropa çempionatları, Dünya çempionatları hətta ən adi beynəlxalq turnirlərdə qazandıqları medallar belə bu günə kimi olduğu formada qalıb. Bu isə onların keyfiyyətindən xəbər verir. Məhz hər bir idmançının maksimum zirvəsi olan olimpiadanın, Paris-2024 kimi ən mötəbər yarışın medallarının bu vəziyyətdə olması artıq yeni əlavə şərhə ehtiyac qoymur. Bu isə təşkilatçılığın bərbad startının oxşar finişi idi", - deyə Gəray Qiyasov bildirdi.

Türkan İSGƏNDƏRLİ