"Qələbə qazanmaq istəyirik" - Qurban Qurbanov

 13:55 22.01.2025     83

Rumıniya klubu ilə görüşdə qələbə qazanmaq istəyirik.

Redaktor.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Rumıniya təmsilçisi FCSB-yə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının oyunundan əvvəl mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis ilin ilk avrokubok matçına çıxacaqlarını bildirib:

"Pis hazırlaşmamışıq. Bəzi problemlərimiz var. Hansı komandaya qarşı oynayacağımızı bilirik. Rumıniya futbolu sərtliyi ilə seçilir".

Q.Qurbanov qarşılaşmada hansısa ciddi taktiki dəyişikliklər etməyəcəklərini diqqətə çatdırıb:

"Hücumun qurulmasında hansısa xırda dəyişiklik ola bilər. Öz sistemimizi daha da yaxşılaşdırmağa çalışacağıq. Sabahkı matçda səhv etməməliyik. Rəqib bunu bağışlamayacaq. Bəzi məqamlara xüsusi diqqət ayırmalıyıq".

Təcrübəli baş məşqçi rəqibin prezidentinin iddialı açıqlamasına münasibət bildirib:

"Bu, normaldır. Hər klubun rəhbəri, məşqçisi, futbolçusu istənilən açıqlamanı verə bilər. Biz də qalib gəlmək niyyətindəyik".

Mütəxəssis bütün kollektivlərə ciddi yanaşdığını deyib:

"FCSB göstərdiyi oyuna və məsuliyyətinə görə haqq etdiyi nəticələri qazana bilib".

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Turnir cədvəlində Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.