"Qarabağ"ın Juninyosuz ilk oyunu - "Köhlən atlar" FKSB-yə qalib gələ bilər - AÇIQLAMA
Azərbaycanda futbol deyəndə yəqin ki, ağla ilk "Qarabağ" gəlir. Nəzərə almaq lazımdır ki, komandanı güclü edən əsas amil də onun futbolçularıdır. "Qarabağ" ilin başında braziliyalı futbolçu Juninyonu satmaqla azerkəşlər arasında müzakirələrə səbəb oldu. Bir çox futbolsevər Juninyonun güclü oyunçu olduğunu bildirirlər. Bu gün də Avropa Liqası çərçivəsində "Qarabağ" Rumıniyanın FKSB komandası ilə üz-üzə gələcək.
Bəs oyunun nəticələri necə olacaq, Juninyonun yoxluğu nə dərəcədə hiss ediləcək?
Mövzu ilə bağlı Redaktor.az-a danışan idman jurnalisti, ekspert Kənan Məstəliyev bildirdi ki, bugünkü oyun "köhlən atlar" üçün vacibdir:
"Bugünkü görüş vacib qarşılaşmadı, çünki "Qarabağ"ın Avropa Liqasının liqa mərhələsindən "play-off"a adlaması üçün sonuncu şansdır. "Qarabağ"ın bu dəfə "play-off"a yüksəlməsi üçün yalnız qarşıda cəmi iki oyunu var və hər iki oyunda qələbə qazanmalıdır. Bugünkü rəqib yaxşı, güclü, balanslaşdırılmış gücə malik kollektiv futbol oynayan bir komandadır. Avropa Liqasında istənilən rəqibə başağrı ola bilər. Amma buna baxmayaraq, "Qarabağ" da zəif komanda sayılmamalıdır. Baxmayaraq ki, mövsüm komanda üçün uğursuzluqla başlayıb, aktivində cəmi üç xal var. Amma "Qarabağ" FKSB kimi komandaları yetərli sayda məğlub edə bilir və düşünürəm ki, bu gün də bunu təkrarlaya bilər".
Jurnalistin sözlərinə görə, Juninyonun olmaması ümumi balansı pozmayacaq.
"Juninyonun "Flamenqo"ya transferindən sonra komandanın hücum xəttində problemlər var. Amma "Qarabağ"ın digər komandalardan üstün cəhəti ondan ibarətdir ki, "Qarabağ" heç də konkret bir oyunçudan asılı komanda deyil. Yəni "Qarabağ" kollektiv oyunu nümayiş etdirir. Bəlli bir sistem üzərindən futbol oynayır və orada hər hansı bir oyunçunun gedişi və yaxud da hər hansı bir səbəbdən olmaması ümumi balansı çox da pozmur. Yəni orada futbolçular təbii ki, fərdi xüsusiyyətləri ilə fərdi oyunları ilə seçilirlər. Amma əsasən komanda oyunu oynadıqlarından. Əvəzləndikdə yerinə futbolçu qoyulduqda və həmin futbolçu onun üzərinə düşən işi gördükdə fərq o qədər də görünmür. Bəli, təbii ki, Juninyonun gedişi öz təsirini göstərəcək. Bu, şübhəsizdir. Amma Qarabağ özünün qurduğu sistemi növbəti dəfə tətbiq eləyə bilsə, düşünürəm ki, elə hücum xəttində yer alacaq ya Nəriman, ya Musa bu işin öhdəsindən gələ bilərlər. Düşünürəm ki, komandamız bu oyunda qələbə qazana bilər", - deyə Kənan Məstəliyev bildirdi.
Türkan İSGƏNDƏRLİ