"Qarabağ" bunları edərsə, uğur qazana bilər - Aslan Kərimov
"Avropa Liqası çərçivəsində "Qarabağ" və Rumıniyanın FKSB komandası ilə oyununun nəticəsinin pozitiv olacağını düşünürəm. Bu oyun təxminən 55 faiz üstünlüklə "Qarabağ"ın qələbə qazanması ilə bitə bilər. Rumıniya komandası güclü olsa da, "Qarabağ" onunla mübarizə apara bilər".
Bu sözləri futbol eksperti, Azərbaycan millisinin keçmiş üzvü Aslan Kərimov Redaktor.az-a açıqlamasında bildirdi. Onun sözlərinə görə, oyunun qələbə ilə bitməsinə bir neçə səbəb var:
"FKSB-nin 10 xal yığmağı azarkeşləri gərək çaşdırmasın. Çünki onların qarşılaşdıqları rəqiblər "Qarabağ"ın qarşılaşdığı rəqiblərlə müqayisədə nisbətən daha zəif rəqiblər idi. Nisbətən daha dişlərinə uyğun rəqiblərlə oynayıblar, ona görə də xal toplaya biliblər. Düzdür, çətin rəqibdir. Əslində İsveç klublarıyla müqayisə eləyəsi olsaq, onlarda kreativlik çox deyil və daha çox strukturlu oynayırdılar. Amma Rumıniya komandalarında bir balaca kreativ məsələləri də var ki, oyunçular daha aqressiv oyun nümayiş etdirirlər. Pozitiv fikirləşməyə əsaslardan biri isə rəqib komandanın heyətində iki əsas oyunçunun zədəli olmasıdır. Belə olduğu halda hesab edirəm ki, "Qarabağ" üçün onlara qalib gəlmək bir az da əlverişli ola bilər. Amma Qarabağ da itkilər var. Əsas silahları Juninyonun olmaması "Qarabağ"ın oyununa təsir edəcək. Juninyo nə qədər də sürətli olsa da, onun yerinə oynayan kim olmağından asılı olmayaraq - Nəriman, Musa, Benzia, Zubir ən azından müdafiəyə daha çox diqqət ayıracaq".
Ekspertin fikrincə, "Qarabağ" ən azından qol imkanlarından düzgün yararlanarsa, hesab onun xeyrinə olacaq.
""Qarabağ"ın oyunçuları hücum edərkən oyunun üslubu ondan ibarət olacaq ki, "Qarabağ" dominantlıq eləyə və daha çox topa sahib ola bilər. Belə olan halda "Qarabağ" üçün təhlükə top itkisi zamanı yüksək pressinq eləməkdir. Topu itirdiyi halda "Qarabağ"ın yeni müdafiə xəttində bir az böyük zonalar yaranacaq. Yəni rəqib yarı meydançaya keçirsə, öz qapısı ilə mərkəz arasında böyük boşluqlar yaranır və rəqib komanda da buradan əks-hücumlardan istifadə edə bilər. Bunun qarşısını almaqdan ötrü isə Qarabağ top itkisi zamanı, dörd-beş saniyə ərzində rəqibin uzun oynamağına və yaxud da qabağa oynamağının qarşısını almalıdır. Bu da oyunçularda yüksək konsentrasiya tələb edir. Bunun öhdəsindən gələsi olsalar, düşünürəm ki, qol imkanları xeyli olacaq. "Qarabağ" ən azından qol imkanlarının bəzilərindən yararlana bilərlər. Nəticədə həm "Qarabağ", həm rəqib komanda da bundan sığortalanmayıb, qol buraxa bilərlər", - deyə Aslan Kərimov bildirdi.
Türkan İSGƏNDƏRLİ