Azərbaycan parabadmintonçusu Misirdə iki bürünc medal QAZANDI
Azərbaycanın parabadmintonçusu İbrahim Əliyev Misirin paytaxtı Qahirədə təşkil edilən beynəlxalq turniri iki bürünc medalla başa vurub.
Redaktor.az-ın məlumatına görə, 19 yaşlı gənc idmançı həm təklərin mübarizəsində, həm də türkiyəli Sedat Tumkaya ilə birlikdə çıxış etdiyi qoşa yarışda 2 bürünc mükafata yiyələnib.
İ.Əliyev təklərin qrup mərhələsində misirli və hindistanlı rəqiblərini məğlub edərək 1/8 finala vəsiqə qazanıb. İdmançı ardıcıl iki mərhələdə hindistanlı rəqibləri üzərində qələbə qazanıb və yarımfinaladək irəliləyib.
Qoşa yarışda isə qrup mərhələsini misirli və hindistanlı rəqibləri üzərində iki qələbə ilə başa vuran İ.Əliyev və S.Tumkaya tandemi 1/4 finalda da hindistanlı rəqiblərini məğlub edib və turniri yarımfinalda başa vurub.
Qeyd edək ki, turnir "Grade 2" kateqoriyasına daxil edilən Beynəlxalq Badminton Federasiyasının təsnifat yarışıdır.