“Bu, həmin "Olimpiakos" deyil, "Qarabağ"ı çətin sınaq gözləyir” - İdman eksperti
"Qarabağ" UEFA Avropa Liqasında bu gün Yunanıstanda yerli "Olimpiakos" klubu ilə üz-üzə gələcək. Bu oyun komandamızın Avropa Liqasında bu mövsüm sonuncu oyunudur.
"Qarabağ"ın sonuncu oyunundan nə gözlənilir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında idman jurnalisti, futbol eksperti Emin Abbasov bildirdi ki, "Qarabağ"ı çətin sınaq gözləyir:
""Qarabağ" əvvəlki illərdə də avrokuboklarda "Olimpiakos"la üz-üzə gəlib. Səfərdə hətta 3:0 hesablı parlaq bir qələbə qazanmışdı. Amma özəlliklə vurğulamaq lazımdır ki, bu, həmin "Olimpiakos" deyil. Onlar xeyli güclənib və Avropa Liqasında uğurlu çıxış edirlər. Demək olar ki, pley-off vəsiqəsini təmin ediblər, hətta ilk səkkizliyə düşmək şansları da var. Onların istər futbolçuları, istərsə də məşqçiləri bu oyuna ciddi hazırlaşıblar və "Qarabağ" qarşısında qənaətbəxş nəticə qazanmaq üçün əllərindən gələni edəcəklər".
"Qarabağ"ın hazırkı vəziyyətinə toxunan ekspert, komandanın avrokuboklarda bu mövsüm uğursuz çıxış etdiyini vurğuladı.
"Yeddi oyundan cəmi bir qələbə və altı məğlubiyyət heç bir halda "Qarabağ" üçün qəbul edilə biləcək nəticə deyil. Bu oyunda komanda ən azı bir xal əldə etməklə və ya qalib gələrək avrokubok mövsümünü bir qədər pozitiv şəkildə bitirməyə çalışacaq. Lakin bu, asan olmayacaq. Çünki bir tərəfdə demək olar, ruhdan düşmüş "Qarabağ", bütün şanslarını itirmiş komanda, digər tərəfdən yüksəlişdə olan "Olimpiakos" və qələbəyə köklənmiş bir kollektiv. Nəzərə almaq lazımdır ki, "Olimpiakos" evdə oynayır. Üstəlik, Yunanıstan, kiprli azərkeşlər şox böyük coşqu ilə onları dəstəkləyirlər. Amma yenə də ümid edək ki, "qapını möhkəm çırpıb" qələbə qazanmaqla avrokubokla daha pozitiv notda vidalaşar", - Emin Abbasov dedi.
Türkan İSGƏNDƏRLİ