"Çelsi" 16 yaşlı qazaxıstanlı futbolçunun transferi ilə bağlı razılığa gəldi
![](https://img.redaktor.az/news/2025/02/photo_269971.webp)
Londonun "Çelsi" klubu Qazaxıstanın "Kayrat" klubunun 16 yaşlı hücumçusu Dastan Satpayevin transferi ilə bağlı razılığa gəlib.
Redaktor.az xəbər verir ki, bu barədə Almatı klubunun VK səhifəsində məlumat verilib.
“Dastanı karyerasındakı bu ən mühüm addım münasibətilə təbrik edirik! Biz onun nailiyyətləri ilə fəxr edirik və əminik ki, onu qarşıda yeni zirvələr gözləyir!” – "Kayrat"ın bəyanatında deyilir.
Qeyd edilir ki, Satpayev yalnız 2026-cı ilin yayında baş verəcək yetkinlik yaşına çatdıqdan sonra rəsmi olaraq "Çelsi"yə keçə biləcək. Həmin vaxta qədər futbolçu Qazaxıstan komandasında çıxışını davam etdirəcək.
Müqavilənin şərtləri açıqlanmayıb. "Transfermarkt" portalının məlumatına görə, londonlular futbolçu üçün 2,4 milyon avro ödəyəcək.
Satpayev 2024-cü ilin mayında 15 yaşında "Kayrat"ın əsas komandasında debüt edib. Bu müddət ərzində o, beş oyun keçirib, bir qol vurub.
Turan İSMAYIL