Gürcüstan Ermənistanı darmadağın etdi

Gürcüstan milli futbol komandası Millətlər Liqasının pley-off mərhələsində ilk oyununu martın 20-də səfərdə Ermənistan millisi ilə keçirib.
Redaktor.az xəbər verir ki, İrəvanda keçirilən oyunun 33-cü dəqiqəsində Giorgi Koçoraşvili hesabı açıb. Oyunun 36-cı dəqiqəsində Giorgi Mikautadze 2-ci qolu vurub. Oyunun ikinci hissəsinin 58-ci dəqiqəsində Mikautadze hesabı 3:0 edib.
Martın 23-də Tbilisidə Gürcüstan və Ermənistan yığmaları arasında ikinci oyun keçiriləcək.
Millətlər Liqasının B divizionunun gələcək iştirakçısı Gürcüstan və Ermənistan milliləri arasında keçiriləcək iki turlu qarşıdurmada müəyyənləşəcək.
Qeyd edək ki, Gürcüstan və Ermənistan milli komandaları indiyə qədər yeddi dəfə qarşılaşıblar. Gürcüstan üç dəfə qalib gəlib, iki matç heç-heçə bitib, iki dəfə isə ermənilər qələbə qazanıb. Bu matçlarda Gürcüstan milli komandası 14 qol vurub və 8 qol buraxıb.
Uzun müddət ərzində Gürcüstan milli komandasının ən böyük hesabla qələbəsi Ermənistanla olmuşdu. 1997-ci ildə komandalar arasında yoldaşlıq oyunu Tbilisidə keçirilib və gürcülər 7:0 qalib gəldilər.
Məlumat üçün bildiririk ki, Gürcüstan milli komandasında kadr problemləri var – diskvalifikasiya səbəbindən Quram Kaşia və Xvitsa Kvaratsxelia oyunu buraxıblar. Onlar martın 23-də Tbilisidə, “Dinamo Arena”da milli komandalar arasında keçiriləcək ikinci qarşılaşmada iştirak edəcəklər.