"“Arsenal” “Real”ı meydandan sildi" - AÇIQLAMA

 13:59 09.04.2025     343

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start verilib. Turnirin son qalibi olan İspaniya "Real Madrid"i İngiltərədə "Arsenal"a 0:3 hesabı ilə uduzub.

Bəs cavab qarşılaşmasında "Real Madrid"in qələbə qazanma ehtimalı varmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan idman jurnalisti Natiq Muxtarlı bildirdi ki, “Real”ın Londonda bu hesabla məğlub olması böyük sensasiyadır.

"“Arsenal” həqiqətən də sanballı iş gördü, demək olar ki, “Real”ı meydandan sildi. “Kral klubu”nun hücum xətti tamamilə zərərsizləşdirildi. Mənim fikrimcə, 3 qol buraxmasına baxmayaraq, “Real”ın heyətində ən yaxşı oyunçu qapıçı Tibo Kurtua idi.
Bu hesabı nəzərə alaraq, “Real”ın heç bir şansının qalmadığını iddia edə bilərik? Qətiyyən. “Real” böyük komandadır və heyətində də yüksək səviyyəli futbolçular oynayır. Onları hər oyunda bu şəkildə zərərsizləşdirmək mümkün deyil".

İdman jurnalistinin sözlərinə görə, Madriddə fərqli oyun, ağlasığmaz təzyiq olacaq.

"Hər şey “Arsenal”ın bu təzyiqə necə tab gətirəcəyindən asılıdır. “Topçular” nizam-intizamı qoruya bilsələr, panikaya düşməsələr, dəqiqələr keçdikcə “Real”ın müqavimət gücünü azaldacaqlar. Amma ilk dəqiqələrdən qol buraxsalar, bu, “Arsenal”ın oyun sistemində xaos yarada bilər. Bundan sonra isə “Real”ın qarşısını almaq çətin olacaq. “Real” Çempionlar Liqası komandasıdır, ən çətin situasiyalardan çıxmağı dəfələrlə bacarıb, onların ən çıxılmaz durumlarda belə həmişə şansları olur. “Kral klubu” təslim olmayacaq. Bizi Madriddə futbol adına daha bir möhtəşəm qarşıdurma gözləyir", - deyə müsahibimiz bildirdi.

Aytəkin TOFİQQIZI