"Çempionlar Liqasının finalında “Barselona”nı görürəm" - Ağa Dadaşzadə

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk matçlarına yekun vurulub. Ötən gün “Barselona” doğma meydanda Almaniyanın “Borussiya Dortmund” klubuna darmadağınla qalib gəlib - 4:0. PSJ isə “Aston Villa”nı 3:1 hesabı ilə məğlub edib. Meydan sahiblərinin heyətində Dezire Due, Xviça Kvaratsxeliya və Nunu Mendeş fərqləniblər. Qonaqların qoluna isə Morqan Rocers imza atıb.
Bu raundun əvvəlki matçlarında “Real Madrid” İngiltərədə “Arsenal”a 0:3, “Bavariya” isə evdə İtaliya “İnter”inə 1:2 hesabı ilə uduzub. Cavab görüşləri aprelin 15-16-da təşkil olunacaq.
Bəs bu nəticələrdən sonra Çempionlar Liqasının favoriti hansı komanda hesab oluna bilər?
Mövzu ilə bağlı Redaktor.az-a danışan idman jurnalisti Ağa Dadaşzadə bildirdi ki, “Arsenal”ın qələbəsini təsadüf saymaq olmaz.
"Özüm “Real Madrid” azarkeşiyəm. “Real Madrid”in mərhələni keçəcəyini dediyim üçün bir az tənqid olundum. Bu, mənim şəxsi fikrim və arzumdur. "Arsenal" tərəfindən haqlı və yaxşı oyun aparıldı. Ancaq düşünürəm ki, “Arsenal” finala çıxmayacaq".
Müsahibimiz qeyd etdi ki, hazırki vəziyyətə görə finalda “Barselona”nı görmək olar.
"“İnter”, “Bavariya”nı da görmək olar. “Arsenal” üstün olsa da, vəziyyəti çətindir. Düşünmürəm ki, “Arsenal” finala çıxsın. Amma nəzərə alsaq ki, “Real Madrid” cavab oyunlarını çox yaxşı oynayır, - dəfələrlə bunun şahidi olmuşuq - “Real Madrid”in cavab oyunu möhtəşəm olacaq. “Real”ın da keçmək şansı kifayət qədər çoxdur. Finalda “Barselona”nı görürəm. “Bavariya”, “İnter” də finalda qalib gələ bilər. Amma “Real” mərhələni keçsə, çempiondur", - deyə A.Dadaşzadə bildirdi.
Aytəkin TOFİQQIZI