""Arsenal"ın qarşısında PSJ-nin şansı daha aşağıdır" - İdman eksperti

 15:28 29.04.2025     199

UEFA Çempiyonlar Liqasının yarımfinal mərhələsində bu gün "Arsenal" - PSJ matçı keçiriləcək.

Sözügedən matçdan gözləntilərini Redaktor.az-la bölüşən idman eksperti Fuad Eldarov bildirdi ki, bütün Avropaya və ölkəmizdə olan futbol azarkeşlərinə də maraqlıdır ki, finala hansı komandalar vəsiqə qazanacaq.

"Çoxlarının fikrincə, bu, "Arsenal" və "Barselona" komandaları olacaq. Çoxları isə "İnter"-PSJ cütlüyünü finalda görməyi arzulayır. Əlbəttə, bu ön görüşlərin səbəbləri var. Çünki Arsenalın 1/4 finalda rəqibi "Real Madrid" idi. "Real Madrid"i necə mübarizədən kənarlaşdıraraq, yarımfinala vəsiqə qazandığını hər birimiz gördük. Çox yaxşı hücum futbolu oynayan və müdafiədə çox etibarlı bir komanda təsvirini formalaşdırmağı Arsenal bacardı".

Ekspert qeyd etdi ki, "Arsenal" İngiltərə futbolunun əsl üzünü ortaya qoydu.

"İndi isə onun rəqibi Fransanın PSJ komandasıdır. Əlbəttə, PSJ-yə inananlar çoxdur, amma mənə elə gəlir ki, "Arsenal"ın qarşısında PSJ-nin şansı bir az daha aşağıdır. Çünki nəzərə alaq ki, PSJ artıq ölkə çempionatında çempionluğunu rəsmiləşdirib. Titulunu artırmaq üçün UEFA Çempionlar Liqasına bütün gücünü qoyub. Amma "Arsenal"ın belə bir şansı yoxdur. Dünən etibarilə İngiltərə Premyer Liqasında çempion müəyyənləşdi - "Liverpul" çempion oldu. Titula ac olan "Arsenal" isə UEFA Çempionlar Liqasına tamamilə gözünü dikmiş vəziyyətdədir. Hesab edirəm ki, bütün gücünü də yarımfinal mərhələsində qoyacaq ki, finala vəsiqə qazansın. Finalda da titulu götürməyi hədəfləyəcəklər. İki komanda arasında şansları 60/40 kimi dəyərləndirirəm. 60% "Arsenal"ın şansı daha çoxdur, 40% isə PSJ-nin şansı var. PSJ zəif komanda kimi qiymətləndirilməməlidir, çox güclü komandadır", - deyə Fuad Eldarov əlavə etdi.

Aytəkin TOFİQQIZI