Avarçəkənlərimizdən daha 5 medal - FOTOLAR

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkil etdiyi avarçəkmə üzrə “Prezident Kuboku-2025” beynəlxalq reqatasının ikinci yarış günü başa çatıb.
Redaktor.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən reqatanın ikinci yarış gününü avarçəkənlərimiz üç gümüş, iki bürünc medalla başa vurublar.
Birnəfərlik kayak qayığında 500 metr məsafədə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında Əlimurad Hacızadə gümüş, 2011-2012-ci il təvəllüdlü idmançılar arasında Mustafa Vəlizadə bürünc medal qazanıb.
İkinəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşdə 2011-2012-ci il təvəllüdlü idmançıların mübarizəsində Mustafa Vəlizadə - Elmir Tarverdiyev cütlüyü gümüş, Sənan Cəfərzadə - Tahir Mövsümov cütlüyü isə bürünc medala layiq görülüb.
Birnəfərlik akademik avarçəkmə qayığında 1500 metr məsafəyə 2006-2007-ci il təvəllüdlü idmançıların yarışında isə Nurlan Paşayev fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Xatırladaq ki, reqatanın son final yürüşləri və bağlanış mərasimi mayın 2-də keçiriləcək. “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında saat 20:00-da start götürəcək bağlanış mərasimində əvvəlcə qalib komandalara kuboklar təqdim ediləcək. Ardınca bədii hissədə müxtəlif şou-proqramlar, tanınmış rəqs qruplarının çıxışı və son illərin populyar müğənnisi Mərdan Kazımovun canlı ifaları tamaşaçılara əsl bayram ab-havası yaşadacaq.
“Prezident Kuboku-2025”ə möhtəşəm atəşfəşanlıqla yekun vurulacaq.

























