Rusiya klubunun məşqçisinə cinayət işi açıldı

 14:43 17.05.2025     112

Ukrayna millisinin sabiq kapitanı, hazırda Sankt-Peterburqun “Zenit” klubunun məşqçi heyətində çalışan Anatoli Timoşuk barəsində cinayət işi açılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prokurorluğunun rəsmi saytı məlumat yayıb.

Cinayət işi Ukrayna Cinayət Məcəlləsinin 111-2-ci maddəsi üzrə açılıb. Timoşukun Rusiya ordusunu maliyyələşdirməkdə şübhəli bilindiyi bildirilir. Bu maddə üzrə maksimal cəza 12 il azadlıqdan məhrumetmədir.

İttihamların mahiyyəti 2024-cü ilin sentyabrında keçirilmiş “Zenit” və “Kayrat” komandaları arasındakı yoldaşlıq oyunu ilə əlaqələndirilir. Anatoli həmin oyunda iştirak edib. Bu qarşılaşmada “Zenit” futbolçuları Leninqrad müharibəsi qurbanlarının xatirə gününə həsr olunmuş xüsusi köynəklərlə meydana çıxıblar. Oyundan sonra iştirakçıların imzası olan bu köynəklər hərraca çıxarılıb. Rusiya tərəfi iddia edir ki, əldə olunan gəlir Kursk vilayətində zərərçəkmiş sakinlərə göndərilib. Lakin Ukrayna prokurorluğunun nümayəndələri hesab edir ki, həmin pullar Rusiya ordusunun hərbçilərinə yönəldilib.