2024/2025 mövsümünə bu gün yekun VURULACAQ

 09:25 25.05.2025     169

Misli Premyer Liqasında 2024/2025 mövsümünə bu gün iki oyunla yekun vurulacaq.

Redaktor.az xəbər verir ki, əvvəlcə “Turan Tovuz” doğma meydanda “Kəpəz”lə qarşılaşacaq.

Tovuz şəhər stadionunda baş tutacaq və FIFA referisi Əliyar Ağayevin idarə edəcəyi görüş saat 17:00-da start götürəcək. Turnir cədvəlinin 4-cü pilləsində yer alan Tovuz klubunun 52 xalı var. “Kəpəz” isə 32 xalla doqquzuncu yerdədir. Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv mövsümü hazırda olduğu yerdə başa vuracaq. Gəncə təmsilçisinin isə bir pillə irəliləmək şansı var.

Mövsümün son matçı “Liv Bona Dea Arena”da “Araz-Naxçıvan”la “Zirə” arasında baş tutacaq. Cavid Cəlilovun idarə edəcəyi görüş saat 19:30-da başlayacaq. Hazırda 71 xala malik “Zirə”nin bu matçın nəticəsindən asılı olmayaraq mövsümü ikinci yerdə bitirəcəyi dəqiqləşib. Həmçinin 58 xalla üçüncü yerdə qərarlaşan Naxçıvan təmsilçisinin də mövqeyi dəyişməyəcək.

Misli Premyer Liqası

IV dövrə, XXXVI tur

25 may

17:00. “Turan Tovuz” – “Kəpəz”

Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Kamran Əliyev.

VAR: Əliyar Ağayev.

AVAR: Akif Əmirəli.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: İlham Əliyev.

Tovuz şəhər stadionu

19:30. “Araz-Naxçıvan” – “Zirə”

Hakimlər: Cavid Cəlilov, Elşad Abdullayev, Eyyub İbrahimov, Əli Əliyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Zeynal Zeynalov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

“Liv Bona Dea Arena”

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" səfərdə "Səbail"i (4:1), "Qarabağ", "Şamaxı"nı (1:0), “Sabah” isə “Neftçi”ni (1:0) məğlub edib.