"Barselona" rəqibə aman vermədi - La Liqada oyunlar başa ÇATDI

 02:15 26.05.2025     141

İspaniya La Liqasının 38-ci - sonuncu turu çərçivəsində "Barselona" səfərdə "Atletik"in qonağı olub.

Redaktor.az xəbər verir ki, hələ 36-cı turda "Espanyol"u 2:0 hesabı ilə məğlub edərək vaxtından öncə İspaniya çempionu (28-ci dəfə) adını qazanan "Barselona" üçün bu oyun formal xarakter daşısa da, katalonlar rəqibə aman verməyib və 3 cavabsız qolla qalib gəliblər.

Matçın 14-cü dəqiqəsində "Barselona"nın hücumçusu Robert Levandovski Fermin Lopezin ötürməsini qola çevirib. Cəmi 3 dəqiqə sonra polşalı hücumçu özünün və komandasının ikinci qolunu vurub. Oyunun sonlarında (90+4) Dani Olmo penaltini dəqiq yerinə yetirib - 0:3.

Beləliklə, "Barselona" mövsümü 88 xalla birinci başa vurub. "Atletik" isə 70 xalla çempionatı 4-cü yerdə başa vurub. 

Qeyd edək ki, bu gün İspaniya çempionatının bütün oyunları başa çatıb. "Real Madrid" turniri 84 xalla ikinci, "Atletiko Madrid" 76 xalla üçüncü, "Atletik" və "Vilyareal" isə hərəyə 70 xalla dördüncü-beşinci sırada başa vurublar.

Bununla da ilk beşlikdəki komandalar UEFA Çempionlar Liqasına vəsiqə qazanıblar. Altı və yeddinci sırada qərarlaşan "Real Betis"lə "Selta Viqo" komandaları UEFA Avropa Liqasında, səkkizinci sıradakı "Rayo Vallekano" isə UEFA Konfrans Liqasında oynamaq hüququ qazanıblar.

Turnir cədvəlinin 18, 19, 20-ci sıralarında qərarlaşan "Leqanes", "Las Palmas" və "Real Valladolid" isə La Liqanı tərk ediblər. Bu komandalar gələn mövsüm aşağı liqada oynayacaqlar.

Turan İSMAYIL