"Bu, minifutbol tarixində keçirilmiş ən yaxşı turnir idi" - AÇIQLAMA

"Azərbaycan minifutbol yığma komandasının dünya çempionu olması böyük bir nailiyyətdir. Bu, təkcə minifutbol sahəsində deyil, ümumiyyətlə idmanımızda xüsusi qeyd olunası məqamdır. Çünki bizdə həmişə belə bir fikir formalaşıb ki, azərbaycanlılar komanda şəklində olan idman növlərində uğur qazana bilmirlər. Cüdo, güləş, ağırlıqqaldırma kimi fərdi idman növlərində biz uğurlu nəticələr əldə edə bilirik, amma komanda idman növlərində demək olar ki, nəticələrimiz yoxdur. Məhz bu stereotipi qırmaq baxımından minifutbolda dünya çempionu olmağımız xüsusi əhəmiyyət daşıyır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında idman jurnalisti, ekspert Kənan Məstəliyev Azərbaycan millisinin minifutbol üzrə dünya çempionu olmasını şərh edərkən bildirdi.
"Minifutbol yığmamız bu mərhələyə asanlıqla gəlib çıxmayıb. 2022-ci ildə komandamız Avropa çempionu olanda bu, sensasiya kimi qarşılanırdı. Amma ondan sonrakı mərhələdə Minifutbol Federasiyası doğru və mərhələli siyasət apararaq uğura doğru addımlamağa başladı. Növbəti dünya çempionatında komandamız yarımfinala qədər irəlilədi, indi isə dünya çempionatı Bakıda keçirildi və yığmamız qalibiyyət qazandı. Bu isə heç də təsadüfi olmadı. Rəqiblərimiz çox güclü idi. İstər Asiyadan, istər Afrikadan, istərsə də Avropadan dünyanın ən güclü komandaları ilə qarşılaşan Azərbaycan yığması layiqli futbol, kollektiv ruh və milli hissləri nümayiş etdirərək böyük bir qələbə qazandı.
Sevindirici haldır ki, bu yığma komandanın heyətində olan futbolçuların hamısı yerli oyunçulardır, onlar öz uşaqlarımızdır. Onların içərisində tanınmış futbolçularımız da var. Məsələn, Təmkin Xəlilzadəni qeyd edə bilərik. O, böyük futbolda da milli komandanın üzvü olub, böyük klublarda və Avrokuboklarda çıxış edib. Çox istedadlı futbolçu olub. Sadəcə müəyyən səbəblərdən böyük futbolda karyerasını davam etdirməyib. Amma mini futbol bu baxımdan əhəmiyyətlidir ki, belə futbolçular burada karyeralarını uğurla davam etdirə bilirlər", - deyən müsahibimizin sözlərinə görə, yarışın təşkilatçılığı da çox yüksək səviyyədə idi:
"İstər ümumi tərtibat, istər musiqi müşayiəti, istərsə də hamımızın sevimlisinə çevrilən Maralzadə maskotu bu günlərdə Milli Gimnastika Arenasında çox gözəl ab-hava yaratdılar".
Ekspertin fikrincə, bu, minifutbol tarixində keçirilmiş ən yaxşı turnir idi.
"Beynəlxalq federasiyanın nümayəndələri ilə söhbətlərdə də bunu hiss etmək çətin deyil. Komandamızın məşqçilərini, federasiya rəhbərliyini, həmçinin Azərbaycan futbolsevərlərini və xalqımızı bu böyük qələbə münasibətilə təbrik edirəm.
O ki qaldı böyük futbola, mini futbolun inkişafı və uğurunun əsas səbəblərindən biri kütləvilikdir. Burada say baxımından daha çox insan iştirak edə bilir, onlar tez-tez kiçik meydançalarda oynayırlar və istər milli komanda, istərsə də klublar üçün buradan futbolçu seçmək imkanı yaranır. Bu meydançalar əlçatandır. Böyük futbolda isə əsas problem stadionlardadır: stadionların azlığı və mövcud olanların şəraitinin yetərincə yaxşı olmaması Azərbaycan futbolunun əsas problemlərindəndir.
Biz ilk növbədə infrastrukturu qurmalıyıq. Əgər infrastruktur qurulacaqsa, rayonlarda, kəndlərdə belə şərait yaradılacaqsa və uşaq futbolunun inkişafı üçün lazımi addımlar atılacaqsa, mən əminəm ki, Azərbaycan böyük futbolda da uğur əldə edəcək. Azərbaycanda futbola maraq və sevgi var. İnfrastruktur inkişaf edərsə, mən əminəm ki, Azərbaycan böyük futbolda da, ən azı dünya çempionatının finalına qədər yüksəlmək imkanına malik olacaq",- deyə, Kənan Məstəliyev vurğuladı.
Xədicə BAXIŞLI