"Fernandu Santuşun işindən tam razı deyiləm" - Ağasəlim Mircavadov

"Ayxan Abbasovun hazırladığı U-21 üzrə Azərbaycan millisi ilə əsas millinin arasında çox fərq var".
Redaktor.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.
"U-21 ilə əsas milli komanda arasında çox fərq var. 21 yaşlı futbolçuların Belarusla oyununu stadiondan izlədim. Futbolçularla məşqçilər korpusunun bir-birinə olan inamı gələcəyə doğru ümidvericidir. AFFA rəsmiləri də U-21 millisində çıxış edən futbolçuları "Şamaxı" klubuna göndərmək istəyirlər. Çünki futbolçular məşqçinin yanında olmalıdırlar. Məhz belə olan halda onları milli komanda üçün formalaşdırmaq mümkün olacaq".
Ağasəlim Mircavadov əlavə olaraq bildirib ki, Azərbaycan millisinin portuqaliyalı çalışdırıcısı Fernandu Santuşun işindən narazıdır.
"Fernandu Santuşun işindən tam razı deyiləm. Mən daha öncə milliyə başçılıq edən Canni De Byazi ilə görüşürdüm. O, hətta özü də mənimlə görüşmək istəyirdi, fikirlərimi soruşurdu. Santuş isə gələndən məşqçiləri bir araya yığıb danışmayıb. Bizim futbolumuz Avropa futboluna çox uzaqdır. Burada çalışmaq o qədər də asan deyil. Fernandu Santuş gəldiyi gün məşqçiləri toplayıb onlara milli üçün futbolçu hazırlamalı olduqlarını deməli idi. Amma, etməyib. Düzdür mənə deyirlər ki, məşqçilərlə təklikdə görüşüb danışıb, amma bu o qədər də effekt verməyəcək. Azərbaycan futbolunu inkişaf etdirmək üçün daha fərqli formada çalışmaqdır. Hətta portuqaliyalı mütəxəssisin formalaşdırdığı dəqiq heyət belə yoxdur. Millimiz sonuncu yoxlanış oyununa çıxacaq və burada artıq A-B variantları fikirləşilməlidir. Dəqiq heyət formalaşmalıdır, kimlərin oynayacağı bilinməlidir", - deyə A.Mircavadov bildirib.