Prezident onların hər birinə avtomobil hədiyyə etdi - FOTO

 10:40 11.06.2025     91

Özbəkistan milli komandasının futbolçularına ölkə Prezidenti Şavkat Mirziyoyev tərəfindən BYD elektromobilləri hədiyyə edilib.

Redaktor.az xəbər verir ki, buna səbəb Özbəkistan yığmasının tarixində ilk dəfə futbol üzrə dünya çempionatının final mərhələsində vəsiqə əldə etməsidir.

Ş.Mirziyoyev Qətər komandası üzərində qazanılan 3:0 hesablı oyunu Bolqarıstan Prezidenti Rumen Radev, Slovakiya Baş naziri Robert Fitso, həmçinin Azərbaycan Baş naziri Əli Əsədovla birgə izləyib.

Avtomobillər də məhz bu oyundan sonra stadionda futbolçulara təqdim olunub.

Həmçinin Ş. Mirziyoyev komanda üzvlərini və məşqçiləri “Özbəkistanın fəxri” adı ilə təltif edib.

Qeyd edək ki, özbəklərin final mərhələsinin 9-cu turunda səfərdə Birləşmiş Ərəb Əmirliklərinin millisi ilə keçirilən matçı 0:0 hesabı ilə yekunlaşmışdı. Bununla da sona bir tur qalmış Özbəkistan millisi DÇ-2026-ya vəsiqəni təmin etmişdi.

Xatırladaq ki, dünya çempionatının final mərhələsi 2026-cı ilin 11 iyun - 19 iyul tarixlərində 48 komandanın iştirakı ilə ABŞ, Meksika və Kanadada keçiriləcək (Qafqazinfo).