"Qurban Qurbanovun yetirmələri turu keçməyə yaxın tərəfdirlər" - İdman eksperti

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın “Şelburn” klubu ilə səfərdə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 22:45-də Dublindəki “Tolka Park” stadionunda başlayacaq.
Azəbaycan təmsilçisindən gözləntilər nədir?
Redaktor.az-a danışan idman jurnalisti, ekspert Kənan Məstəliyev bildirdi ki, ağdamlıların rəqibi olan "Şelburn" İrlandiya çempionu olsa da, möhkəm və mübariz komandadadı.
"Ancaq təmsilçimiz daha güclüdür, daha təcrübəlidir, favorit tərəf də bizik. Düşünürəm ki, Qurban Qurbanovun yetirmələri turu keçməyə yaxın tərəfdirlər və keçəcəklər. "Qarabağ"ın heyətində çox yaxşı, istedadlı futbolçular toplaşıb, üstəlik, yaxşı komanda oyunu da nümayiş etdirirlər. Bütün bunlar bizi qələbəyə daha yaxın tərəf edir. İlk matçın səfərdə olması "Qarabağ"ın xeyrinədi. Orada alınacaq sərfəli nəticə cavab görüşündə öz azarkeşlərimiz qarşısında daha rahat oynamaq imkanı yaradacaq. Əsas problemimiz hücum xəttiylə bağlı ola bilər, çünki Musa-Nəriman cütlüyü o qədər də inam vermir. Ancaq komanda oyunu bu çətinliyi aradan qaldırmağa imkan verəcək",- deyə həmsöhbətimiz qeyd etdi.
Xədicə BAXIŞLI