"Bu qarşılaşma Qurban Qurbanov üçün yaxşı fürsətdir" - AÇIQLAMA 

 17:25 30.07.2025     191

""Qarabağ"la "Şelburn" cütünün taleyi ilk oyunda, səfərdə həll olunub. Amma bütün hallarda arxayınlaşmağa ehtiyac yoxdur. Bunu Qurban Qurbanov da mətbuat konfransında bildirdi. Yəni "Qarabağ" bu oyuna olduqca ciddi yanaşacaq və Bakıda da mütləq qalib gəlmək lazımdır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında idman jurnalisti Natiq Muxtarlı bu gün keçiriləcək "Qarabağ" - "Şelburn" oyunundan gözləntilərini bölüşərkən dedi.

"Birincisi, bu, Azərbaycanın UEFA reytinqində xal ehtiyatının artırılması üçün çox vacibdir. İkincisi, ilk səfər oyununda göründü ki, "Qarabağ"ın hələ komplektləşməyə ehtiyacı var, xətlər arasında əlaqələrdə müəyyən problemlər var. Yəqin ki, bu qarşılaşma Qurban Qurbanov üçün yaxşı fürsətdir. Yəni səfərdə üç topluq üstünlük Bakıda imkan verəcək ki, Qurban Qurbanov müəyyən rotasiyalar aparsın, hətta taktiki sxemlərdə də oyun ərzində müəyyən dəyişikliklər edə bilər. Oyun ərzində bir taktikadan başqa taktikaya keçə bilər və bu, əla fürsətdir və bunları yəqin ki, "Qarabağ" sınaqdan keçirəcək. Mən "Şelburn"un "Qarabağ"a müqavimət göstərəcəyini gözləmirəm, çünki "Qarabağ" elə komanda deyil ki, o üç topluq üstünlüyü əldən versin, xüsusən də "Şelburn" kimi komandalara. Mən bütün hallarda "Şelburn"un səviyyəsini kiçiltmək istəmirəm, çünki Avropada zəif komanda yoxdur, xüsusən də öz ölkəsinin çempionu olmuş, Çempionlar Liqasında oynayan bir komandadır".

Müsahibimiz qeyd etdi ki, "Qarabağ"ın təcrübəsi səfərdə onun köməyinə gəldi, baxmayaraq ki, "Qarabağ"ın səfərdəki oyununda müəyyən çatışmazlıqlar var idi.

"Bu amilləri nəzərə alsaq, Bakıdakı oyunda da bu üstünlüyün əldən verilməməsi vacibdir. Amma ən vacibi bundan sonrakı mərhələyə hazırlıq planıdır. "Qarabağ" üçün bax, bu çox əla bir şansdır, çünki bizdə çempionat başlamayıb. "Qarabağ" ilk rəsmi oyununu "Şelburn"a qarşı keçirib. Hər il də belə olub. "Qarabağ" oyundan-oyuna səviyyəsini artırıb. Yəni Avrokubokların startında "Qarabağ" həmişə zəif təsir bağışlayıb, ondan sonra isə get-gedə komandada xətlər arasında əlaqə formalaşdıqca, oyunun keyfiyyəti də artıb.

Bax, bu baxımdan səfərdə qazanılan 3:0 hesablı qələbənin böyük əhəmiyyəti var. "Qarabağ" artıq növbəti oyuna hazırlaşmalıdır və orada rəqib daha ciddi olacaq, bu birmənalıdır. Ona görə də mütləq səfər oyunundakı səhvlər üzərində işlənilməlidir. Bakıda daha az səhv buraxılmalıdır. Harada boşluqlar var, onların üzərində işlənilməlidir və Qurban Qurbanov yəqin ki, bu problemləri bu oyunda qismən də olsa həll etməyə çalışacaq. Amma artıq mərhələnin taleyi həll olunub. "Qarabağ" artıq növbəti mərhələyə hazırlaşmalıdır", - deyə Natiq Muxtarlı bildirdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən