""Qarabağ" ilk növbədə müdafiədəki problemlərini həll etməlidir"

""Qarabağ"ın dünənki oyunu kənardan sönük kimi görünsə də, əslində dominant futbol nümunəsi idi. Çünki "Qarabağ" oyunun demək olar ki, bütün hissəsində, bütünlüklə topu özündə saxladı, hücum eləyən tərəf oldu, üstün olan tərəf oldu və epizodları ancaq "Qarabağ" yaratdı. Bir epizodu çıxmaq şərti ilə rəqibin çərçivəyə gedən zərbəsi olmadı. Ümumiyyətlə rəqib "Şelburn" iki matç ərzində, yəni 180 dəqiqə ərzində çərçivəyə cəmi bir zərbə vurmuşdu və onda da Koxalski dəqiqə oynayaraq topu çıxarda bildi".
Bu fikirləri Redaktor.az-a açıqlamasında idman jurnalisti, ekspert Kənan Məstəliyev UEFA Çempionlar Liqası çərçivəsində "Qarabağ" - "Şelburn" oyununun nəticəsindən danışarkən bildirdi.
Onun fikrincə, "Qarabağ" daha yaxşı komandadır, daha yaxşı ifaçılardan qurulmuş komandadır:
"Sadəcə dünənki matçın nisbətən sönük görünməsinin səbəbi komandanın təlim-məşq toplanışından təzə çıxmasıdır, müəyyən fiziki yükləmələrin çox olmasıdır. Ona görə də Qurban Qurbanovun yetirmələri çox da enerji sərf etməyərək bu qələbə qazanmağı qarşılarına qoymuşdu. Plan işlədi. Həm qol vuruldu, qələbə qazanıldı, reytinqə xal gəldi. Eyni zamanda zədə olmadı. Əsas oyunçular zədələnmədi, sarı vərəqə problemi olmadı. Yəni ki, növbəti oyunlarda oyunu buraxan futbolçumuz olmayacaq. Eyni zamanda taktiki gedişlər elədi. Məsələn, baş məşqçi Adaini bir neçə mövqedə oynatdı. Bununla yanaşı yeni transfer olunmuş futbolçuları iş başında görə bildik. Təxminən 20 dəqiqə ərzində onların potensialları nədən ibarət olduğunu görə bildik".
Müsahibimiz hesab edir ki, komandanın əsas heyət oyunçularının oynaması həm də komandanın qısa müddətdə formaya salmaq baxımından yaxşı idi:
"Yəni bu da yaxşı şansdır, "Qarabağ" ondan da istifadə elədi. Ümumilikdə dünənki qarşılaşmanı "Qarabağ" üçün səmərəli, yaxşı bir qələbə kimi hesab eləmək olar. Həm də bu qələbə ilə daha bir böyük tarix yazıldı. Əslində, biz bunu unuduruq. Çünki "Qarabağ" ardıcıl 12-ci dəfə qruplara - artıq indi liqa mərhələsi deyilir ona - vəsiqə qazandı və biz artıq ardıcıl 12-ci ildə də payızda Avropa futbolunu izləmək imkanımız olacaq. Bu baxımdan "Qarabağ"ı təbrik eləmək olar və onlara təşəkkür eləmək olar. Çünki uzun illərdir bizi bu baxımdan sevindirirlər. Bu da böyük bir işin, böyük bir əməyin, zəhmətin nəticəsidir.
Boşluqlar da var, problemli mövqelərimiz də var. Yəni oyunumuzda problemlər də var. Biz bunu bu hər iki maçda da görə bildik. Çünki indi "Şelburn" o qədər də güclü komanda deyildi və "Qarabağ" onu rahatlıqla keçə bildi. Amma bundan sonrakı mərhələdəki bütün rəqiblər daha güclü, daha sərt komandalar olacaq və elə "Şkendiya" da bunlardan biridir. Düzdür, onlar "Styaua" ilə hər iki oyunda üstün tərəf deyildilər. Bir qədər bəxtləri də gətirdi. Rumınlar əllərinə düşən imkanlardan yararlansaydılar biz artıq məhz rumınlara rəqib olardıq. Amma "Şkendiya" o qədər də qorxulası rəqib deyil. "Qarabağ"ın dişinə görə rəqibdir. "Qarabağ" ilk növbədə müdafiədəki problemlərini həll eləməlidir. Çünki biz müdafiənin mərkəzində futbolçular transfer eləməyimizə baxmayaraq yenə də müdafiənin mərkəzində problemlərimiz var. Bu məsələ həll olunmalıdır".
Ekspert qeyd etdi ki, eyni zamanda hücum xəttində sayca problemimiz var:
"Ən azından bir mərkəz hücumçusunun alınması mütləqdir. Yəni bu elə bir şeydir ki, bunsuz alınmayacaq. Biz "Şelburn"u cəmi iki mərkəz hücumçusu ilə keçə bilirik. Amma bundan sonrası alternativlərimiz olmalıdır.
Klub rəhbərliyi də bu yeni transferlərin olacağı mesajını verdi. Bu yaxşıdır və düşünürəm ki, əgər transferlər vaxtında gələrsə və uyğunlaşma problemi olmazsa, uyğunlaşma daha qısa müddətdə keçərsə, "Qarabağ"ın bu il hətta Çempionlar Liqasının liqa mərhələsinə, yəni köhnə qrup mərhələsinə düşmə şansları da az deyil", - deyə Kənan Məstəliyev vurğuladı.
Xədicə BAXIŞLI