"Belə intizamlı müdafiəsi olan komandaya qarşı oynamaq çətindir" - Açıqlama

 10:41 05.08.2025     86

"Qarabağ" klubu UEFA Çempionlar Liqasında növbəti oyununu bu gün keçirəcək. Azərbaycan çempionu Şimali Makedoniyada yerli "Şkendiya" komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Redaktor.az-a danışan idman jurnalisti Natiq Muxtarlı bildirdi ki, “Şkendiya” olduqca ciddi rəqibdir.

"Hətta deyərdim ki, bu mövsüm klublarımzla qarşılaşan rəqiblər arasında ən səviyyəlisidir. Bu iddianı əsaslandırmaq üçün əlimizdə tutarlı səbəb var. Şimali Makedoniya komandası ÇL-in ikinci təsnifat mərhələsində  “Styaua” kimi ciddi rəqibi dayandırıb. Hər iki qarşılaşmada müdafiədə olduqca səliqəli, hücumda kəsərli olublar. Öz meydanlarında qol buraxmayıblar, bu, müdafiə xəttinin intizamlı oyunundan xəbər verir. Səfərdə iki qol vurublar bu da hücum xəttinin səviyyəsini göstərir. Səfərdə vurulan qollar onu göstərir ki, bu komanda əks-hücumlar zamanı çox təhlükəli olur".

Müsahibimizin sözlərinə görə, belə intizamlı müdafiəsi olan komandaya qarşı oynamaq çətindir.

"Üstəlik, “Qarabağ”ın hücum xəttində ciddi problemlər var. Demək olar ki, “Qarabağ” hücumçusuz oynayır. Ümid nəyə qalır? Ayrı-ayrı futbolçuların fərdi oyun keyfiyyətinə və təcrübəyə.  Heç şübhəsiz ki, “Şkendiya” kollektiv oyuna üstünlük verəcək, çünki “Qarabağ”ın futbolçularının fərdi keyfiyyətləri daha yüksəkdir. Böyük ehtimalla, Şimali Makedoniya klubu müdafiədən oynayacaq. Topa nəzarət “Qarabağ”a veriləcək. Qurban Qurbanovun komandası rəqibin müdafiə xəttində boşluqlar tapsa, tapacaqlar da yəqin və bunlardan maksimum yararlana bilsələr, qalanı texniki məsələdir. Müdafiədə diqqətli oyunla  “Şkendiya”nın təzyiqinin qarşısını almaq mümkündür".

N.Muxtarlının fikrincə, “Qarabağ” erkən qol vurmağa cəhd edəcək:

"Erkən qol “köhlən atlar”ın işini xeyli asanlaşdıracaq. Ondan sonra rəqib hücuma aludə olacaq, deməli, meydanın ayrı-ayrı hissələrində boşluqlar yaranacaq. Bu da “Qarabağ”lılar üçün əla fürsət sayılacaq. 
Amma bütün hallarda avantüraya getməyə ehtiyac yoxdur. Müdafiədə maksimum diqqətli, hücumda kəsərli olmaqla, bu komandanı məğlub etmək olar", - deyə idman jurnalisti əlavə etdi.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən