"Hücum öz işini görsə, “Şkendiya” təslim olacaq" - ŞƏRH

"Qarabağ" UEFA Çempionlar Liqasının 3 təsnifat mərhələsinin cavab oyununa bu gün çıxacaq. Kollektiv Bakıda Şimali Makedoniya təmsilçisi "Şkendiya" ilə üz-üzə gələcək.
Bəs oyunun gedişatı necə olacaq?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən idman jurnalisti Natiq Muxtarlı bildirdi ki, “Qarabağ”ın səfərdə qələbə qazanması heç bir halda arxayınlıq yaratmamlıdır.
"“Şkendiya” ciddi rəqibdir. Bu komanda səfərdə də “Styau”ya qalib gəlməyi bacarmışdı. “Şkendiya”nın itiriləsi heç nəyi yoxdur, futbolçular meydanda bütün qüvvələrini qoyacaqlar. “Qarabağ” olduqca diqqətli davranmalıdır. Komandamızın əks-hücum şansları çox olacaq. Rəqib hücuma keçməyə məcburdur. Belə olacağı təqdirdə, “Qarabağ” meydanda boş sahə əldə edəcək. Deməli, əks-hücum şansları olacaq. Amma bu şanslardan yararlana bilməsək... Yəni “Qarabağ”ın ənənəvi son nöqtəni qoya bilməmək problemi yenə də yaransa, çətin olacaq".
Onun fikrincə, rəqib bir qol vursa, situasiya tamamilə dəyişəcək:
"Ona görə də, bu oyunda əsas zərbə qüvvəsi hücum mövqeyi olmalıdır. Müdafiəyə təzyiqi azaltmaq üçün mütləq qol vurmaq lazımdır. “Şkendiya”nın baş məşqçisi “irəli atılacağıq” deyib. Amma onların irəli atılması üçün topa nəzarət etmələri də vacibdir. Güman etmirəm ki, “Qarabağ” topa nəzarəti onlara versin. “Şkendiya” kəskin pressinq etməlidir ki, topu “Qarabağ”dan ala bilsin. Bu da yüksək fiziki hazırlıq tələb edir. Deməli, rəqib yorulacaq. “Qarabağ”ın qol şansları mütləq olacaq. Amma əsas məsələ onlardan yararlanmaqdır. Hücum öz işini görsə, “Şkendiya” təslim olacaq.
Ümid edək ki, “Qarabağ”ın hücum xətti daha kəsrli olacaq. Futbolçuların fərdi keyfiyyəti, ustalıq səviyyəsi “köhlən atlar”da yüksəkdir".
N.Muxtarlı qeyd etdi ki, Bakıda vurulacaq erkən qol bütün daşları yerinə qoyacaq:
"Amma erkən qol olmasa belə, "Qarabağ" yəqin ki, aqressiv şəkildə irəli getməyəcək. Səliqəli, intizamlı oyunla, rəqibin əsəbləri ilə oynayıb, onların səhv etməsini gözləyəcəklər. Səhvlər isə mütləq olacaq. Qalır bunlardan maksimum yararlanmaq. Bir sözlə, intizamlı və ciddi oyun “Şkendiya”ya heç bir şans tanımayacaq", - deyə müsahibimiz vurğuladı.
Aytəkin TOFİQQIZI