"Çempionlar Liqasının qrup mərhələsinə düşmək üçün böyük şans var" - ŞƏRH

"Dünən “Qarabağ” ilə "Şkendiya" arasında baş tutan oyun, açığı, düşündüyüm və gözlədiyim kimi keçdi. “Qarabağ”ın böyük hesabla qalib gələcəyini proqnozlaşdırırdım. Çünki Makedoniya komandası ilk matçdakı məğlubiyyətin əvəzini çıxmaq üçün önə atılmalı idi. Biz isə bilirik ki, “Qarabağ” həm əks-hücumlarda, həm də mövqe hücumunda çox güclüdür".
Bu fikirləri Redaktor.az-a açıqlamasında "Kəpəz"in keçmiş baş məşqçisi, premyer liqa təcrübəli Etibar İbrahimov “Qarabağ” ilə "Şkendiya" arasında baş tutan və "Qarabağ"ın qələbəsi ilə bitən oyundan danışarkən bildirdi.
O əlavə etdi ki, xüsusilə də Yankoviçin meydançaya qayıtması və Kadinin on nömrə mövqeyinə keçməsi oyuna müsbət təsir göstərdi:
"Daha əvvəl Kadi məcburiyyətdən səkkiz nömrə, Aday isə on nömrə mövqeyində oynayırdı. Amma düşünürəm ki, Aday on nömrə kimi eyni effekti verə bilmirdi. O, daha çox partlayış gücünə malik, lakin topu özündən irəli buraxan futbolçu idi. Kadi isə əksinə, çevik, topu ayağında saxlayan, birə-bir mübarizələrdə cəld və ağıllı paslarla seçilən oyunçudur. Buna görə də “Qarabağ”ın çoxlu qol şansları yaradacağını gözləyirdim və elə də oldu. Hesab 5:1 yox, daha da böyük ola bilərdi.
Yaxşı oldu ki, “Qarabağ” oyuna ehtiyatlı başladı, amma Makedoniya komandasının tez fərqlənməsi bizim üçün sanki soyuq duş effekti verdi. “Qarabağ” kimi böyük komanda tez toparlanaraq ilk hissədə həmin qola dörd qolla cavab verdi".
Ekspertin fikrincə, o qol 60-70-ci dəqiqələrdə gəlsəydi, nəticə pis ola bilərdi.
"Lakin erkən gəlməsi komandamızı daha da cəsarətləndirdi və inamlı oyuna köklədi. Etiraf edək ki, “Qarabağ” dünən bütün komponentlərdə rəqibini üstələdi. Bu isə bizim üçün sevindirici haldır. Çünki Makedoniya komandası daha əvvəl Rumıniyanın ən böyük, tarixi olan “Steaua” klubunu mübarizədən kənarlaşdırmışdı.
Düşünürəm ki, “Qarabağ” oyunu ilk hissədə həll etdiyi üçün ikinci hissədə daha çox publika üçün, gözəl qollar vurmaq məqsədilə oynadı. Əgər daha praqmatik yanaşsaydılar, hesab daha böyük ola bilərdi. Amma onların qolları estetik şəkildə vurmaq istəyi də alqışa layiqdir. Böyük futbolçu Zinəddin Zidanın dediyi kimi: “Biz 2:0-a qədər komanda üçün, ondan sonra azarkeşlər üçün oynayırıq.” Dünən stadiondakı hər bir azarkeş gözəl, baxımlı, texnikalı futbolun şahidi oldu. Bunun üçün “Qarabağ”a təşəkkür düşür. İndi komandanı çətin, amma keçilməz olmayan bir sınaq gözləyir. Çünki “Qarabağ” daha əvvəl “Ferencvaroş”u məğlub etməyi bacarmışdı. Düşünürəm ki, Çempionlar Liqasının qrup mərhələsinə düşmək üçün böyük bir şans var. Bu yolda da “Qarabağ”ımıza uğurlar arzu edirəm", - deyə Etibar İbrahimov qeyd etdi.
Xədicə BAXIŞLI