"Qarabağ" tarixi təkrarlaya biləcəkmi? - Ekspertdən ŞƏRH

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa bu gün çıxacaq. "Qarabağ" Macarıstanda "Ferentsvaroş"un qonağı olacaq.
Redaktor.az-a oyunun gedişatının necə ola biləcəyini şərh edən idman eksperti Fuad Eldarov bildirdi ki, Azərbaycan futbol azarkeşinə, futbol ictimaiyyətinə "Ferentsvaroş" komandası keçmiş illərdən yaxşı tanışdır.
"Çünki bundan qabaqkı UEFA Çempionlar Liqasının təsnifat mərhələsində komandamız məhz elə Macarıstanın "Ferentsvaroş" komandası ilə üz-üzə gəlmişdi və çox yaxşı, ideal bir nəticə ilə mərhələ adlamış, pley-offa yüksəlmişdi. Amma o "Ferentsvaroş"la bu "Ferentsvaroş"u bir tutmaq olmaz. Niyə? Çünki o illərdə "Ferentsvaroş" komandasının tərkibində bir qədər problemlər yaşanırdı. Heyət baxımından, taktiki düzülüş baxımından, baş məşqçi amili, rolu da təbii ki, buna bir misaldır. Ümumilikdə götürsək, o ildəki "Ferentsvaroş" da çox güclü idi, amma komandamız ondan da artıq güc sərgiləyərək Macarıstan klubunu mübarizədən kənarlaşdırmağı bacardı və pley-offa adladı. Bu dəfə isə biz məhz pley-off mərhələsində "Ferentsvaroş"la üz-üzə gəlirik. Üçüncü təsnifat mərhələsi ilə pley-off mərhələsinin statusu necə ağırdır, yəqin ki, bütün futbol azarkeşləri yaxşı bilirlər. Çünki üçüncü təsnifat mərhələsində hələ sənin taleyin müəyyənləşməyib qabaqda pley-offun var. Amma pley-offda isə hər şey müəyyənləşir və sənin Avropada davam edəcəyin yol bəlli olur. Bu qarşılaşma təbii ki, "Ferentsvaroş" komandası üçün bir az revanş xarakterli qarşılaşmadır".
F.Eldarovun sözlərinə görə, "Ferentsvaroş" bundan qabaqkı uduzduğu mərhələnin qisasını Qarabağdan almaq istəyəcək:
"Üstəlik birinci qarşılaşma da öz evlərindədir. Bugünkü oyunu, Qarabağla oyunu lazımi səviyyədə həll edib Bakıya daha üstün formada yollanmağı hədəfləyirlər. Mən bundan əminəm. Öz meydanlarında, öz azarkeşləri qarşısında artıq bütün məsələni həll eləməyə çalışacaqlar. Çox çətin rəqibdir. Amma UEFA Çempionlar Liqasının əsas mərhələsinə yollanmağımız üçün də bizim komandamız üçün ən ideal rəqiblərdən biridir. Yəni digər komandalar da düşə bilərdi Qarabağla ki, onlarda artıq bizim UEFA Çempionlar Liqasının əsas mərhələsinə yollanmaq düşüncəmiz daha az olardı. Amma "Ferentsvaroş"la daha çoxdur. Tanış rəqibdir. Kim nədir, nəçidir, bunu əminəm ki, Qarabağ rəhbərliyi də, eyni zamanda məşqçilər korpusu, başda Qurban Qurbanov olmaqla, yaxşı bilirlər. Yaxşı analiz ediblər. "Ferentsvaroş"un bundan əvvəlki oyunlarına da yaxşı baxıblar və onlar mərhələni öz evlərində müəyyən qədər, hətta daha artıq həll eləməyə çalışacaqlarsa, bizim komandamız da, Qurban Qurbanovun yetirmələri də, mərhələni Bakıya saxlayacaqlar ki, Bakıda artıq hər şey həll olunsun və komandamız ikinci dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə yollansın".
Müsahibimiz vurğuladı ki, bu, çətin qarşılaşmadır:
"Bu qarşılaşma ilə bağlı mənim ehtimallarım 50-nin 50-yədir. Yəni Qarabağı səfərdə heç də zəif bir komanda hesab etmirəm. Çünki biz illər ərzində Qarabağın səfərdə hansı nəticələr qazandığını, hansı komandaları mübarizədən kənarlaşdırdığını yaxşı görmüşük və onu deyə bilərəm ki, "Ferentsvaroş" da səfərdə qələbə əldə edə biləcəyimiz komandalardan biridir. Əlbəttə ki, indi mətbuat konfransında Qurban Qurbanovun fikirlərini də biz diqqətlə izləyəcəyik, görək rəqiblə bağlı əsas hansı fikirlər səsləndirəcək və rəqibi qiymətləndirməsi necə olacaq. Əminəm ki, çox çətin rəqib olduğunu bildirəcək. Çünki "Ferentsvaroş"un çətin rəqib olduğunu elə biz görürüksə, Qurban Qurbanov bizdən də qabaq görür. Hansı taktiki plandan, hansı taktiki sxemdən istifadə edəcəklər, bunu yaxşı bilir. Biz də oturub analitik tərəfdən araşdırası olsaq, biz də bunu görə bilərik. Yəni, bir sözlə, "Ferentsvaroş" çətin rəqibdir".
Ekspertin fikrincə, nəticə heç-heçə olacaq.
"Əgər işlər qaydasında getsə, heç-heçə və yaxud da komandamızın minimal fərqli üstünlüyü ilə bitə bilər. Amma bəzi yerlərdə, bəzi cinahlarda komandamız səhvə yol versə, minimal fərqlə üstünlük "Ferentsvaroş"da da ola bilər. Təbii ki, bu çətin bir hesab olsa da, Bakıda bunu çevirmək də olar. Heç-heçə də etmək olar, uzatmalara da aparmaq olar. Amma bu artıq komandanın işini bir qədər çətinləşdirir. Ona görə də Bakıya sərfəli nəticə ilə qayıtmaq lazımdır".
Aytəkin TOFİQQIZI