"Bütün gözlər və ürəklər komandamızın yanında olacaq" - ŞƏRH

""Ferentsvaroş" - "Qarabağ" oyunu "Qarabağ" üçün həqiqətən də çətin və önəmli olacaq. Komanda çalışmalıdır ki, topu mümkün qədər özündə saxlasın, ərazi üstünlüyünü qoruyub saxlamaq üçün taktiki cəhətdən diqqətli olsun. Əgər ərazi üstünlüyü "Ferentsvaroş"a verilərsə, onların hücum xəttindəki sürətli və texnikalı futbolçuları “Qarabağ”ın müdafiəsində ciddi problemlər yarada bilər. Bu futbolçuların sürətli, texnikalı və kreativ oyun üslubu “Qarabağ” müdafiəsi üçün ciddi sınaqdır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında "Kəpəz"in keçmiş baş məşqçisi, premyer liqa təcrübəli Etibar İbrahimov , "Ferentsvaroş" - "Qarabağ" oyunundan gözləntilərini bölüşərkən bildirdi.
"“Qarabağ”ın əsas məqsədi, yaradılan qol imkanlarını maksimum dərəcədə istifadə etməkdir. "Ferentsvaroş"un müdafiəsi yaxşı olsa da, onlar əsasən 3-5-2 sistemində oynayırlar ki, bu da müdafiədə müəyyən əks-hücum boşluqları yarada bilər. Əgər “Qarabağ” bu boşluqları düzgün qiymətləndirib effektiv istifadə edərsə, qələbə şansını artırmış olacaq. Əlavə olaraq, "Ferentsvaroş" komandası həm əks-hücumlarda, həm də mövqe hücumunda çox güclüdür. Sürətli və kreativ oyunçular sayəsində hücumda komandamıza ciddi təhlükə yarada bilərlər. Buna görə də “Qarabağ” həm ərazi üstünlüyünü qorumağa, həm də sürətli hücumlara qarşı diqqətli müdafiə etməyə çalışmalıdır. Standart vəziyyətlərdə də diqqət vacibdir, çünki Macarıstan komandası bu sahədə də güclüdür və bu amil oyunun gedişatını dəyişə bilər".
Müsahibimizin fikrincə, bu oyun “Qarabağ” üçün son zamanların ən çətin qarşılaşmalarından biri olacaq.
"Ancaq Çempionlar Liqasına vəsiqə qazanmaq və orada layiqli mübarizə aparmaq istəyiriksə, belə komandaları sınaqdan keçirməli və yolumuza davam etməliyik. Bu gün komanda yalnız öz bacarığını deyil, həm də taktiki hazırlığını və birgə oyundakı sinxronluğu nümayiş etdirəcək.
Təbii ki, azarkeşlər də bu oyunda çox önəmlidir. Bu gün hamımız “Qarabağ”lı olacağıq, bütün gözlər və ürəklər komandamızın yanında olacaq. Macarıstanda keçiriləcək bu qarşılaşmada komandanın hər bir uğuru, azarkeşlərin dəstəyi ilə daha da qüvvətlənəcək. Qoy, “Qarabağ”ın oyunçuları özlərini rahat hiss etsin, meydanda maksimum səy göstərsin və komandamıza uğurlar gətirsin", - deyə Etibar İbrahimov qeyd etdi.
Xədicə BAXIŞLI