“Artıq “Ferentsvaroş” "Qarabağ"ın nəyə qadir olduğunu bildi”

""Qarabağ"ın Macarıstan səfərində rəqibi "Ferençvaroş"la oyunda 3-1 hesablı qələbə qazanması və vətənə lazımi nəticə ilə qayıtması, əlbəttə ki, hər birimizi məmnun, xoşbəxt edir. Bu da deməkdir ki, UEFA Çempionlar Liqası kimi mötəbər bir ali futbol turnirində Qarabağımızın iştirakı artıq 50 faiz həll olundu".
Bu fikirləri Redaktor.az-a idman eksperti Fuad Eldarov ötən gün keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanda baş tutan ilk oyunda "Qarabağ"ın “Ferentsvaroş”a 3:1 hesabı ilə qalib gəlməsindən danışarkən bildirdi.
Onun sözlərinə görə, səfərdəki qələbəyə arxayın olmamaq lazımdır.
"Çünki artıq “Ferentsvaroş” "Qarabağ"ın nəyə qadir olduğunu bildi. Bu, UEFA Çempionlar Liqası elə bir turnirdir ki, burada iştirak edən istənilən klub öz gücü ilə, öz baxımlı oyunu ilə orada iştirak edir. Vətənə 3-1 hesablı qələbə ilə qayıtmaq, əlbəttə ki, kağız üstündə və riyazi baxımdan mərhələnin daha rahat şəkildə həll olunması deməkdir. Amma bu hesabı qorumaq və artırmaq lazımdır. Bu da qalır Tofiq Bəhramovda keçirilən oyuna. Ayın 27-də Qarabağ öz meydanında, öz doğma azarkeşləri önündə pley-off mərhələsində “Ferentsvaroş”la üz-üzə gələcək və bu 90 dəqiqənin sonunda biz təmsilçimizin UEFA Çempionlar Liqasının əsas mərhələyə keçməsini gözləyirik. Bundan əvvəl 2017-ci ildə UEFA Çempionlar Liqasında "Qarabağ" qrup mərhələsinə yüksəlmişdi".
Müsahibimiz qeyd etdi ki, bu il biz artıq komandamızı UEFA Çempionlar Liqasında görmək istəyirik.
"Dünənki oyunda mən bir qədər rəqibin taktiki sxeminə diqqət çəkmək istərdim. 3-5-2 sistemi ilə oynayırdı. Çox maraqlı bir sistem idi. Öz meydanında 3-5-2-dən istifadə etməsi əlbəttə ki, “Ferentsvaroş” klubunun "Qarabağ"dan elə ilk dəqiqələrdə çəkindiyini göstərildi. Baxmayaraq ki, ilk qolu özləri vurdular. Təbii ki, cinahlar onlarda açıq vəziyyətdə idi. Futbolçular bir-birlərinə kompakt oyun şəklində mübarizə apararaq irəliləməyə çalışırdılar. Amma elə ilk dəqiqələrdən də komandamızın da hücumları heç də pis deyildi. Yəni, bəzi məqamlarda futbolçularımız bir az dəqiqliyi ilə yadda qalsaydılar, hesabı açan tərəf biz də ola bilərdik. Amma hesabı rəqib açdı və bundan sonra biz taktiki sxemimizdə ciddi bir dəyişiklik etmədən, öz oyun planımızda qalaraq hesabı bərabərləşdirməyi bacardıq. Standart vəziyyətdən Kevin Medinanın qolu ilə irəli keçdik və ikinci hissədə Nəriman Axundzadənin əvəzinə meydana daxil olan Musa Qurbanlı iki dəqiqə sonra qarşılaşmanın taleyini həll elədi. Hesab 3-1 oldu. Təbii ki, psixoloji və taktiki üstünlük də Qarabağın əlində idi. Hesab sonuna qədər qorundu, saxlanıldı və qələbə yekunda bizim oldu".
Aytəkin TOFİQQIZI