""Kəpəz"imizin oyunlarını Gəncə stadionunda izləməyi səbirsizliklə gözləyirik"

 14:58 22.08.2025     56

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gəncə şəhər stadionundakı tikinti işləri ilə tanış olublar. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun 15 mindən çox tamaşaçı tutumlu yeni arena inşa edilib. Qeyd edək ki, bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycan növbəti böyük idman yarışına - III MDB Oyunlarına ev sahibliyi edəcək. Bu layihə, eyni zamanda, ölkəmizin III MDB Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün gördüyü işlərdən biridir.

Redaktor.az-a açıqlamasında  "Kəpəz"in keçmiş baş məşqçisi, premyer liqa təcrübəli Etibar İbrahimov bildirdi ki, III MDB oyunlarının keçirilməsi ilə bağlı olaraq Gəncədə genişmiqyaslı abadlıq və yenidənqurma işləri aparılır, bu oyunlar təkcə idman tədbiri olmaqla kifayətlənmir, həm də şəhərin simasının yenilənməsi, infrastrukturun müasir standartlara uyğunlaşdırılması baxımından böyük əhəmiyyət daşıyır.

"Gəncənin ümumiyyətlə bütün infrastrukturlarında yenilənmə, bərpa işləri gedir. Aparılan abadlıq işləri xüsusilə idman sahəsinə yönəlib. Olimpiya kompleksi yenilənib, yeni idman sarayı inşa olunub, mövcud idman sarayında müasir tələblərə uyğun bərpa işləri həyata keçirilib. Ən önəmlisi isə, Gəncə şəhər stadionunun beynəlxalq standartlara cavab verəcək şəkildə yenidən tikilməsidir.

Futbol ənənələri ilə tanınan Gəncə ölkəmizdə futbol məbədi kimi tanınır. Buradan yetişən çoxsaylı istedadlı futbolçular ölkə futbolunun inkişafına əvəzsiz töhfələr veriblər. Yeni stadionun tikintisi həm azarkeşlər, həm futbolçular, həm də məşqçilər üçün böyük stimul sayılır. Bu, təkcə idman məkanının açılışı deyil, eyni zamanda Gəncə futbolunun yeni mərhələyə qədəm qoyması deməkdir".

Müsahibimiz bildirdi ki, Gəncədə futbol sadəcə idman növü deyil, həm də ictimai həyatın ayrılmaz hissəsidir.

"Kəpəz komandası hər zaman öz azarkeş kütləsi ilə seçilib. Bir vaxtlar bu komandanın oyunlarına 10-20 min tamaşaçı toplaşırdı və stadionda xüsusi futbol ab-havası hökm sürürdü. Təəssüf ki, köhnə stadionun qəzalı vəziyyəti bu ənənəni zəiflətmişdi, oyunlara kütləvi maraq azalmışdı. İndi isə yeni stadionun istifadəyə verilməsi ilə həmin coşqu yenidən bərpa olunacaq. Bu, həm də ölkə futbolunda azarkeş mədəniyyətinin inkişafına mühüm töhfədir.

Yeni stadionun açılması yalnız kişi azarkeşlər üçün deyil, qadınlar və ailələr üçün də yeni imkanlar yaradacaq. Son illərdə qadınların futbol oyunlarına marağı artıb, Gəncədə beynəlxalq standartlara uyğun inşa edilən arenanın istifadəyə verilməsi onların da oyuna qatılmasını asanlaşdıracaq. Bu isə futbola ailəvi yanaşmanı gücləndirəcək, valideynlərin övladlarını dəstəkləmək üçün stadionlara gəlməsi daha rahat olacaq".

Onun sözlərinə görə, futbol artıq sadəcə oyun yox, həm də sosial birliyin, milli həmrəyliyin ifadəsinə çevriləcək.

"Bu proses təkcə Gəncə ilə məhdudlaşmır. Yeni stadion Azərbaycan futbolu üçün də böyük əhəmiyyət daşıyır. Çünki ölkə çempionatında ən mühüm oyunlarda belə 3-4 min azarkeş toplaşdığı halda, Gəncədə 15-20 min azarkeşin iştirakı gözlənilir. Bu da həm futbolçular, həm də klublar üçün böyük motivasiya olacaq. Gəncədə yaradılan şərait gələcəkdə beynəlxalq turnirlərin də burada keçirilməsinə imkan verə bilər.

Beləliklə, yeni stadionun istifadəyə verilməsi yalnız şəhərin idman infrastrukturunu gücləndirmir, həm də Azərbaycan futbolunun ümumi inkişafına təkan verir. Bu həm tarixi ənənələrin qorunması, həm də yeni futbol mədəniyyətinin formalaşması baxımından mühüm addımdır. Gəncənin azarkeşləri üçün yeni dövr başlayır. Biz də böyük ümid və sevinc hissi ilə yaxın gələcəkdə doğma "Kəpəz"imizin oyunlarını bu möhtəşəm arenada izləməyi səbirsizliklə gözləyirik", - deyə Etibar İbrahimov vurğuladı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən