Tarix yazan oyuna sayılı saatlar! - Deputatdan ŞƏRH

Bu gün UEFA Çempionlar Liqasında pley-off cavab oyunları keçiriləcək. Azərbaycan təmsilçisi "Qarabağ" Bakıda Macarıstanın "Ferensvaroş" klubunu qəbul edəcək. İlk oyunda 3:1 hesabı ilə qalib gələn komandamız bu dəfə də qələbə qazansa, Liqa mərhələsinə vəsiqə əldə edəcək. Görüş Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:45-də başlayacaq və fransalı hakim Kleman Tyurpen tərəfindən idarə olunacaq.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, bu gün Bakıda sevimli "Qarabağ" klubumuzun tarixi oyununa şahidlik edəcəyik.
"Ferensvaroş" komandası qələbə üçün gəlir. Rəqibin baş məşqçisi Rubikun bildirib: “Mən məğlubiyyəti sevmirəm, amma hər zaman "Qarabağ"ın əzəmətli, qələbəyə hesablanan oyununu görmüşük. Elə bunu Macarıstanda da izlədik”. Macarıstan təmsilçisi Çempionlar Liqasının pley-off mərhələsindəki bu görüşü qələbə ilə başa vuraraq turnirin əsas mərhələsinə yüksəlməyə çalışır. Eyni məqsəd "Qarabağ"ın da qarşısında dayanır. Biz hər şeydən öncə dost Macarıstanın çempionu "Ferensvaroş"la "Qarabağ" oyunun idman bayramı kimi keçəcəyinə inanır və hər iki komandaya uğurlar arzulayırıq. Lakin "Qarabağ" qələbənin rəmzi, zəfərimizin adı olduğu üçün, hamımız ondan yeni uğur gözləyirik. Komandamızın 2017-ci ildən sonra ilk dəfə Çempionlar Liqasında yenidən tarix yazacağına ümid edirəm", - deyə müsahibimiz yekunlaşdırdı.
Xədicə BAXIŞLI