""Qarabağ" Avropada ciddi rəqib olduğunu bir daha sübut edir" - Ekspert
Məlum olduğu kimi, UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində ötən gecə Bakıda "Qarabağ" - "Kopenhagen"lə qarşılaşıb. Oyun 2:0 "Qarabağ"ın qələbəsi ilə sonlanıb.
İdman eksperti Fuad Eldarov Redaktor.az-a açıqlamasında bildirdi ki, dünən komandamız UEFA Çempionlar Liqasında ikinci dəfə möhtəşəm bir qələbə qazandı:
"Əvvəlcə Portuqaliya çempionu "Benfika"nı məğlub etməklə birinci qələbəni bizə bəxş etdilər. Dünən isə bu qələbənin ardı olaraq Danimarka çempionunu biz mübarizədən kənarlaşdırdıq. Mən deyərdim ki, ilk hissədə "Kopenhagen" futbolçuları heç nə edə bilmədilər. Səhv etmirəmsə, iki əks-hücumdan başqa komandanın edə biləcəyi bir şey olmadı. İkinci hissənin əvvəlində bir qədər fəallaşdılar".

Ekspert vurğuladı ki, oyunun gedişatında istər-istəməz baş məşqçi "Kopenhagen"in taktiki gedişini dəyişdirdi:
"Bir az qapımız önündə təhlükəli cəhdlərlə yadda qaldılar. Amma hesabı bərabərləşdirmək səyləri heç bir nəticə vermədi. Bu da əlbəttə ki, bizim komandamızın xeyrinə oldu. Növbəti dəqiqələrdə komandamız çox yaxşı çıxış etdi və ikinci qolu da vurdu. Bu da "Kopenhagen" üçün hər şeyin bitdiyini göstərirdi. Komandamızın inamlı oyunu, azarkeşlərin dəstəyi ilə birləşərək möhtəşəm qələbəni təmin etdi. Artıq "Qarabağ" Çempionlar Liqasında yeni bir tarix yazır və Avropada ciddi rəqib olduğunu bir daha sübut edir".
Aytəkin TOFİQQIZI













